Qızdırma dövrəsinin ardından pilotlar start düzümündə yerlərini tutublar və işıqlar söndükdən sonra Spa-Frankorşamda 44 dövrəlik mübarizə başlayıb.
Poul mövqeyindən start alan Antonelli ilk döngədə üstünlüyünü qorusa da, Maks Ferstappen ikinci döngədə liderliyə yüksəlib. Növbəti döngədə Antonelli liderliyi geri qaytarıb, Şarl Lekler isə gözlənilməz hücumla Ferstappeni geridə qoyaraq ikinci yerə yüksəlib.
Mövqe mübarizəsi zamanı Lyuis Həmiltonla təmas yaşayan Corc Rassell fırlanaraq çınqıllığa çıxıb. Sol arxa təkərinə dəyən Həmilton yarışı davam etdirsə də, Rassell ilk dövrədə mübarizəni dayandırmalı olub.
Eyni vaxtda Oliver Berman və Esteban Okon da təmas yaşayıblar. Okon çınqıllığa çıxsa da, yarışa qayıda bilib. Rassellin bolidinin təhlükəsiz şəkildə götürülməsi üçün sarı bayraqlar göstərilib və təhlükəsizlik avtomobili trasa çıxıb. Sarı bayraqlar altında Berman, Ayzek Hacar, Serxio Peres, Valtteri Bottas və Okon pitə yollanıblar.
3-cü dövrədə Hacar yenidən pitə girib. İlk pit-stopda Hard təkərləri Medium tərkiblə əvəz edən Red Bull pilotu dərhal yenidən Hard təkərlərə keçib.
4-cü dövrədə Həmilton-Rassell insidentinin araşdırıldığı açıqlanıb. Yarış 5-ci dövrədə təhlükəsizlik avtomobilinin trası tərk etməsi ilə bərpa olunub. Beşinci yerdə olan Həmilton ilk döngədə Oskar Piastrini keçsə də, McLaren pilotu qısa müddət sonra mövqeyini geri alıb.
6-cı dövrədə Ferstappen düzlükdə Lekleri geridə qoyaraq ikinci yerini geri qaytarıb və lider Antonelliyə çatmağa çalışıb.
8-ci dövrədə Piastri Leklerə yaxınlaşıb və döngəyə girişdə onların arasında təmas baş verib. Nəticədə Piastri sürət itirib və radio ilə komandaya “Döngəyə girərkən mənə kifayət qədər yer buraxmadı” deyə bildirib. Bu insidentdən sonra Həmilton fərqi bağlayaraq Piastrini keçib və dördüncü yerə yüksəlib.
9-cu dövrədə Antonelli ilə Ferstappen arasında təxminən bir saniyə fərq olduğu vaxt Həmilton Leklerə yarım saniyəyə qədər yaxınlaşıb. Elə həmin dövrədə Həmiltona Rassellə təmasa görə 5 saniyə cəza verilib.
10-cu dövrədə Lekler Ferstappenə yarım saniyəyə qədər yaxınlaşsa da, Antonelli üstünlüyünü artıraraq fərqi iki saniyəyə çatdırıb.
11-ci dövrədə Leklerlə Piastri arasındakı təmasın da araşdırıldığı elan edilib.
12-ci dövrədə Lando Norris Arvid Lindbladı keçərək altıncı yerə yüksəlib. Leklerlə Həmilton arasında gərgin mübarizə yaşansa da, Ferrari pilotu üçüncü mövqeyini qoruyub. Mübarizədən sonra Həmilton radio ilə “Şarldan daha sürətliyəm, tempim daha yaxşıdır” deyə bildirib.
14-cü dövrədə Peres asılqanınınn sınmış ola biləcəyini radio ilə komandaya çatdırıb.
15-ci dövrədə Antonelli Ferstappen üzərində üstünlüyünü 2,3 saniyəyə çatdırıb. Ferstappen isə Leklerdən 3,5 saniyə uzaqlaşıb. Həmin dövrədə Pyer Qasli və Karlos Sayns pitə giriblər. İlk dövrələrdə Okonla təmas nəticəsində zədələnən ön qanadını dəyişən Sayns 19-cu yerdə trasa qayıdıb və qısa müddət sonra Fernando Alonsonu keçərək 18-ci yerə yüksəlib.
17-ci dövrədə Leklerlə Piastri arasında baş verən insidentə görə heç bir cəza verilməyəcəyi açıqlanıb. Lindblad pitə girdikdən sonra Hacar yeddinci yerə yüksəlib. Komanda yoldaşının önündə trasa qayıdan Lindblad Liam Lousonla mübarizə aparsa da, mövqeyini qoruyub.
18-ci dövrədə Ferstappen pit-stop edib və altıncı yerdə trasa qayıdıb. Beləliklə, ikinci yerə yüksələn Lekler lider Antonellidən beş saniyə geri qalıb. Həmin dövrədə trasdakı çınqılların təmizlənməsi üçün virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunub. Bu rejim altında pitə girən Antonelli pit girişində baryerə toxunub və beşinci yerdə, Ferstappenin önündə trasa qayıdıb.
20-ci dövrədə Norris komanda yoldaşı Piastrini keçərək üçüncü yerə yüksəlsə də, Piastri qısa müddət sonra mövqeyini geri alıb. Elə həmin dövrədə trasa düşən detalın götürülməsi üçün yenidən virtual təhlükəsizlik avtomobili elan olunub. Lousonla Lindblad arasındakı mübarizə də araşdırılmağa başlanıb. Bu rejim altında hər iki Ferrari pilotu pit-stop edib və Lekler Antonellinin önündə trasa qayıdıb.
Həmilton isə pitdən çıxarkən bolid üzərində işləyən mexaniklərdən birinə toxunub, vaxt itirib və altıncı yerdə, Hacarın önündə yarışa davam edib.
21-ci dövrədə yarış yenidən yaşıl bayraq altında davam edib. Pit-stop etməli olan Norris müvəqqəti olaraq liderliyə yüksəlib.
22-ci dövrədə ikinci yerdə gedən Lekler Norrislə fərqi yarım saniyəyə endirib.
23-cü dövrənin əvvəlində Lekler Norrisi keçərək yenidən liderliyə yüksəlib və qısa müddətdə üstünlüyünü 1,5 saniyəyə çatdırıb. Elə həmin dövrədə Həmiltonun pit-stop zamanı mexanikə toxunması “təhlükəli buraxılış” səbəbilə araşdırılmağa başlanıb.
24-cü dövrədə Ferstappen radio ilə “Maşında ilişmə yoxdur” deyə şikayət edib. Antonelli Norrisin arxasında vaxt itirib. Həmilton isə ön qanadında problem yarandığını və bolidi döndərməkdə çətinlik çəkdiyini bildirib.
25-ci dövrədə Norris Antonelliyə qarşı uğurlu müdafiəsini davam etdirib.
26-cı dövrədə Antonelli fürsətdən istifadə edərək düzlükdə Norrisi keçib və ikinci yerə yüksəlib. Bundan sonra o, Leklerlə arasındakı 3,2 saniyəlik fərqi bağlamağa çalışıb.
27-ci dövrədə Ferstappen radio ilə “Təkərlər işləmir” deyə komandaya məlumat verib.
29-cu dövrədə Ferstappen Norrisi geridə qoyaraq üçüncü yerə yüksəlib.
30-cu dövrədə Norris ilk pit-stopunu edib. Sol arxa təkərin dəyişdirilməsi zamanı komanda vaxt itirib və britaniyalı pilot səkkizinci yerdə, Qabriel Bortoletonun arxasında trasa qayıdıb. Franko Kolapinto isə eyni anda Qasli və Lousonu keçərək onuncu yerə yüksəlib.
32-ci dövrədə Antonelli Leklerlə fərqi bir saniyəyə endirib. Ferstappen isə Antonellidən altı saniyə geridə gedib. Norris Bortoletonu keçərək yeddinci yerə yüksəlib və Hacarı təqib etməyə başlayıb.
33-cü dövrədə Lekler dövrə fərqi ilə geridə qalan Bottasın arxasında bir qədər vaxt itirib.
34-cü dövrədə Antonelli düzlükdə Lekleri keçərək yenidən liderliyə yüksəlib və qısa müddətdə üstünlüyünü bir saniyəyə çatdırıb.
35-ci dövrədə Lekler fərqi yenidən yarım saniyəyə endirsə də, növbəti dövrələrdə döngələrdə vaxt itirməyə başlayıb.
38-ci dövrədə Antonelli üstünlüyünü 1,2 saniyəyə çatdırıb.
40-cı dövrədə Həmilton Piastrini keçərək dördüncü yerə yüksəlib. Həmin dövrədə Antonellinin yarış mühəndisi ona tras limitlərinə diqqət etməsi barədə xəbərdarlıq edib.
43-cü dövrədə Antonelli Lekler üzərində üstünlüyünü 2,5 saniyəyə çatdırıb və son dövrədə də tempini qoruyaraq damalı bayrağı ilk görən pilot olub.
Beləliklə, Andrea Kimi Antonelli 2026-cı il Belçika Qran-prisinin qalibi olub. Şarl Lekler ikinci, dördqat dünya çempionu Maks Ferstappen isə üçüncü yeri tutaraq podiumu tamamlayıb.
| Sıra | Pilot | Komanda | Dövrə | Vaxt/Fərq | Pit |
|---|---|---|---|---|---|
| 1 | K. Antonelli | Mercedes | 44 | – | 1 |
| 2 | Ş. Lekler | Ferrari | 44 | +1.952 | 1 |
| 3 | M. Ferstappen | Red Bull Racing | 44 | +11.586 | 1 |
| 4 | L. Həmilton | Ferrari | 44 | +17.245 | 1 |
| 5 | O. Piastri | McLaren | 44 | +18.988 | 1 |
| 6 | A. Hacar | Red Bull Racing | 44 | +23.307 | 3 |
| 7 | L. Norris | McLaren | 44 | +24.014 | 1 |
| 8 | Q. Bortoleto | Audi | 44 | +49.140 | 1 |
| 9 | A. Lindblad | Racing Bulls | 44 | +50.406 | 1 |
| 10 | F. Kolapinto | Alpine | 44 | +1:16.037 | 1 |
| 11 | P. Qasli | Alpine | 44 | +1:16.991 | 1 |
| 12 | L. Louson | Racing Bulls | 44 | +1:17.523 | 1 |
| 13 | N. Hülkenberq | Audi | 44 | +1:18.348 | 1 |
| 14 | O. Berman | Haas | 44 | +1:34.465 | 2 |
| 15 | A. Albon | Williams | 44 | +1:44.684 | 1 |
| 16 | K. Sayns | Williams | 44 | +1:45.856 | 1 |
| 17 | E. Okon | Haas | 44 | +1:50.925 | 2 |
| 18 | V. Bottas | Cadillac-Ferrari | 43 | 1 dövrə geridə | 2 |
| 19 | F. Alonso | Aston Martin | 42 | 2 dövrə geridə | 2 |
| DNF | L. Stroll | Aston Martin | 25 | Yarışı başa vurmayıb | 2 |
| DNF | S. Peres | Cadillac-Ferrari | 13 | Yarışı başa vurmayıb | 3 |
| DNF | C. Rassell | Mercedes | 0 | Yarışı başa vurmayıb | – |




Şərh əlavə et