Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Elə bil bir əlim bağlıdır

Mercedes komandasının pilotu Corc Rassell Belçika Qran Prisinin sıralama turundan sonra komandanın həftəsonu ərzində yaşadığı performans itkisinin səbəbini hələ də müəyyənləşdirə bilmədiklərini deyib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda poul qazanan komanda yoldaşı Kimi Antonellidən təxminən yarım saniyə geri qalıb.

Şənbə günündən sonra Sky Sports F1-ə danışan Rassell bildirib ki, əvvəlcə problemin Antonellinin enerjinin bərpası ilə bağlı sürüş tərzindən qaynaqlandığını düşünüblər. “Bu, həqiqətən çox əsəbpozucudur Bu həftəsonu hər sessiyadan sonra boksa qayıdanda 0.2-0.5 saniyə arasında vaxt itirdiyimizi gördük. Hətta ikinci məşqdə bu fərq 0.7 saniyəyə qədər çatmışdı. Komanda bunun səbəbini tapmaq üçün həqiqətən çox ciddi işləyir. Əslində ilk əlamətləri Avstriyada görmüşdük. Silverstounda sprint sıralanma turunda təxminən 0.4 saniyə itirdik və problemi tapdığımızı düşündük. Amma eyni dövr təkrarlanır. ‘Deyəsən problem budur’ deyirik, dəyişiklik edirik, sonra bunun da düzgün olmadığını görürük və bu dəfə ‘Bəlkə sürüş tərzindəndir’ fikrinə gəlirik.

Hətta mən özüm də problemin sürüş tərzimdən qaynaqlandığını düşünürdüm. Cümə axşamı komandaya da dedim ki, məncə məsələ bundadır. Sürüş tərzimi dəyişdim, ancaq məlum oldu ki, səbəb bu da deyil. Sanki bir əlim bağlı vəziyyətdə yarışırmışam kimi hiss edirəm. Bu, çox çətin vəziyyətdir”.

Buna baxmayaraq, yarışa üçüncü sıradan başlayacaq Rassell qələbə uğrunda mübarizədən vaz keçmədiyini vurğulayıb: “Əlbəttə. Yarışda hər şey baş verə bilər”.

Rauf Hacıyev

Şərh əlavə et