Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Ferstappenin yeni yarış mühəndisini müəyyənləşdirib

Red Bull, Cianpyero Lambiazenin komandadan ayrılmasının ardından Maks Ferstappenin yeni yarış mühəndisi vəzifəsinə Tom Hartı təyin edib.

Niderlandın de Telegraaf nəşrinin məlumatına görə, Red Bull Harta  Williams komandasına keçməyə icazə verməyib.

Ferstappenin qazandığı dörd dünya çempionluğunda mühüm pay sahibi olan Lambiaze 2028-ci ildən etibarən daha yüksək vəzifədə çalışmaq üçün McLaren komandasına keçəcək.

Bu ayrılıq qərarından sonra Red Bull rəhbərliyi boşalan vacib posta komanda daxilindən namizəd seçib. 2020-ci ilin yanvarından etibarən Ferstappenin performans mühəndisi kimi çalışan Tom Hart bundan sonra niderlandlı pilotun radio əlaqələrində əsas səs olacaq.

Normal şəraitdə Tom Hart yenidənqurma mərhələsində olan Williams komandasına keçmək üçün 2025-ci ilin sonundan qüvvəyə minəcək müqavilə bağlamışdı. Lakin Red Bull komandasının rəhbəri Loran Mekis ilə Williams rəhbəri Ceyms Voulz arasında aparılan danışıqlardan sonra tərəflər razılığa gəliblər.

Əldə olunan razılaşmaya əsasən Hart Williamsa keçidlə bağlı öhdəliyindən azad olunub və bununla da Ferstappenin yarış mühəndisi vəzifəsini üzərinə götürməsinin qarşısındakı maneə aradan qalxıb.

Lambiazenin Ferstappenlə yarış mühəndisi kimi əməkdaşlığını dəqiq nə vaxt başa vuracağı isə hələ məlum deyil. Lakin həm Ferstappen, həm də Ayzek Hacar üçün yarış mühəndisliyi rəhbəri kimi çalışan təcrübəli mütəxəssisin McLarenə keçidi ərəfəsində mərhələli şəkildə əsas texniki iclaslardan uzaqlaşdırılacağı gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et