Xəbəri Kokpitdə Oxuyun!

Belçika F3: Rivera qələbə qazanıb

Campos Racing komandasının pilotu Ernesto Rivera Spa-Frankorşam trasında keçirilən Formula 3-ün əsas yarışının qalibi olub. Podiumun digər pillələrində Van Amersfoort Racing komandasından Hiyu Yamakoşi və Trident pilotu Freddi Sleyter qərarlaşıblar.

Bazar günü səhər Spa trasında hava buludlu, lakin quru olub. Yarışın startı zamanı havanın temperaturu +13°C, asfaltın temperaturu isə +24°C təşkil edib.

Poulun sahibi Freddi Sleyter startda uğursuz çıxış edərək üçüncü yerə geriləyib. Liderliyə Tuukka Taponen yüksəlib, Hiyu Yamakoşi isə ikinci yerə çıxıb. Yaponiyalı pilot beşinci döngənin əyləclənmə zonasına çatarkən Taponeni ötərək yarışın lideri olub.

Arxa qruplarda Evan Devid trasdan çıxaraq çınqıllıqda ilişib qalıb və təhlükəsizlik avtomobili trasa çıxıb. Teofil Nael deşilmiş təkəri dəyişmək üçün boksa yollanıb. Şəxsi hesabın lideri Uqo Uqoçukvu ilk dövrənin sonunda 10-cu pillədə qərarlaşıb. Matteo de Palo isə texniki problem səbəbindən boksa qayıdıb.

15 dövrəlik yarışın restartı dördüncü dövrədə verilib. İlk sektorda hücum cəhdləri olsa da, ilk onluqda mövqelər dəyişməyib. Lakin dövrənin sonunda Matsey QladıışTaito Kato ardıcıl olaraq Kristian Honu ötərək onu doqquzuncu yerə gerilədiblər.

Beşinci dövrədə Ernesto Rivera Mattia Kolnaqini ötərək dördüncü yerə yüksəlib. Uqo Uqoçukvu isə Kristian Hoya qalib gələrək doqquzuncu pilləyə çıxıb.

Yeddinci dövrədə Freddi Sleyter beşinci döngədə Tuukka Taponeni ötərək ikinci yerə yüksəlib. Bir dövrə sonra isə eyni yerdə Hiyu Yamakoşini də geridə qoyaraq liderliyi ələ keçirib.

Doqquzuncu dövrədə Ernesto Rivera beşinci döngədə Taponeni keçərək üçüncü yerə yüksəlib. Onuncu dövrədə finlandiyalı pilot daha bir mövqe itirib və Mattia Kolnaqini önə buraxıb. Həmin döngədə altıncı yer uğrunda mübarizədə Matsey Qladıış Noy Stromstedi də geridə qoyub.

Növbəti dövrədə Qladıış eyni manevrlə Taponeni də ötərək daha bir pillə irəliləyib. Arxada isə Uqo Uqoçukvu CustiBrando Badoerə uduzaraq 11-ci yerə geriləyib.

12-ci dövrədə Ernesto Rivera əvvəlcə Hiyu Yamakoşini, daha sonra isə Freddi Sleyteri ötərək yarışın liderliyini ələ keçirib. 13-cü dövrədə Sleyter daha bir mövqe itirib və beşinci döngədə Yamakoşini önə buraxıb. Taponen isə Taito Katoya uduzaraq yeddinci yerə enib.

Ernesto Rivera finişə qədər üstünlüyünü qoruyaraq mövsümdə ikinci qələbəsini qazanıb. Hiyu Yamakoşi ikinci yeri tutaraq bu mövsüm ikinci dəfə podiuma yüksəlib. İlk üçlüyü Freddi Sleyter tamamlayıb.

Bu nəticə və ən sürətli dövrəni vurmasına baxmayaraq Uqo Uqoçukvunun yalnız 22-ci yeri tutması sayəsində Sleyter çempionatda fərqi cəmi bir xala endirib.

Formula 3 mövsümünün növbəti mərhələsi 24-26 iyul tarixlərində Macarıstandakı Hunqarorinq trasında keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et