Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Bolid fərqli davrandı

Ferrari komandasının pilotu Lyuis Həmilton Belçika Qran-prisinin sıralama turundan sonra bolidin üçüncü məşqdəki vəziyyəti ilə müqayisədə fərqli davrandığını bildirib.

Sıralama turundan sonra danışan britaniyalı sürücü əvvəlcə bolidi qısa müddətdə bərpa edən komandasına təşəkkür edib: “Üçüncü məşqdəki qəzadan sonra komandanın bolidi təmir etməsi sözün əsl mənasında möhtəşəm idi. Bolid üçüncü məşqdə əla hiss etdirirdi və özümə tam güvənirdim. Əlbəttə, poul uğrunda mübarizə apara bilməzdik, çünki rəqiblərimiz həqiqətən çox sürətli idilər. Amma həmin sessiyadakı bolidlə yəqin ki, üçüncü yer uğrunda mübarizə apara bilərdik. Sıralama turuna çıxanda isə bir qədər vaxt itirdiyimi hiss etdim. Sıralanmada istifadə etdiyim bolid fərqli davranırdı. Buna baxmayaraq, əlimdə olan imkanlarla bacardığımın ən yaxşısını etdim”.

Yeddiqat dünya çempionu mexaniklərin son ana qədər böyük zəhmət çəkdiyini də vurğulayıb: “Mexaniklər bolidi hazır vəziyyətə gətirmək üçün son ana qədər əllərindən gələni etdilər. Buna görə onlara minnətdaram. Düşünürəm ki, dövrələrim kifayət qədər yaxşı idi. Lakin arxa asılqanda nəsə fərqli idi. Buna görə də bolidin balansı üçüncü məşqdə hiss etdiyim kimi deyildi. Ümid edirəm ki, yarışda bolid daha yaxşı vəziyyətdə olacaq”.

Həmilton Mercedes ilə fərqin mühərrik gücündən qaynaqlanıb-qaynaqlanmadığı barədə də fikirlərini bölüşüb: “Məlumatları hələ tam təhlil etməmişəm, ona görə də dəqiq deyə bilmərəm. Lakin son sektorda vaxt itirdiyimi aydın şəkildə bilirəm və ora tamamilə mühərrik gücündən asılı hissədir. Birinci sektorda da müəyyən itki var. Ümumilikdə isə Mercedes çox sürətlidir. Düzlüklərin daha çox olduğu belə trasda bunu gözləyirdik.

Həftəsonu boyunca enerji idarəetməsi baxımından bizdən üstün idilər, xüsusilə də sıralama turunda. Düşünürəm ki, bu gün vəziyyətimiz daha yaxşı olacaq. Onlara çatmaq üçün əlimizdən gələni edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et