Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Hacar olmasaydı, altıncı idim

Belçika Qran Prisinin sıralanma turunda ikinci nəticəni göstərərək ilk cərgədən start hüququ qazanan Maks Ferstappen sessiyadan sonra jurnalistlərin suallarını cavablandırıb.

Red Bull komandasının pilotu performansında komanda yoldaşı Ayzek Hacarın mühüm rol oynadığını vurğulayaraq komanda işinin əhəmiyyətini ön plana çəkib.

Sıralama turundan sonra danışan Maks Ferstappen bunları deyib: “Ayzekin köməyi mənə həqiqətən çox fayda verdi. Əks halda indi ikinci yerdə dayanmazdım. O kömək etməsəydi, yəqin ki, altıncı yer ətrafında olardım. Bazargünkü yarışa son sıradan başlayacağını bilməsinə baxmayaraq, Ayzek bu gün son sektorda mənə hava kisəsi verdi və əla iş gördü. Məhz bunun sayəsində indi ön cərgədəyik.

Sabah mütləq güzgülərə baxmalı və ətrafımdakı pilotlara qarşı müdafiə olunmalıyam. Ancaq ən azından bu gün komandamız üçün həqiqətən çox yaxşı nəticə əldə etdik. Həftəsonu ərzində bolidimiz kifayət qədər yaxşı idi. Düzdür, bəlkə də Kimi Antonellinin tempi səviyyəsində deyildik. Lakin komandamız prosesi düzgün idarə etdi və ön cərgədə yer aldığımız üçün razıyıq”.

Ferstappen bazar günü keçiriləcək əsas yarış barədə də fikirlərini bölüşüb və Spa-Frankorşam trasının təkərlərə böyük yük saldığını xatırladıb: “Burada təkərlər və uzun məsafəli temp baxımından yarışlar həmişə çox çətin keçir. Mən sadəcə əlimdən gələni edəcəyəm. Lider komandalarla mübarizə apara biləcəyimizi isə birlikdə görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et