Xəbəri Kokpitdə Oxuyun!

Belçika F2 – Sprintin qalibi Dürksendir

Formula 2-də cümə günü keçirilən təsnifat mərhələsindən sonra bir neçə pilot müxtəlif qayda pozuntularına görə cəzalandırılıb. Ən ciddi cəza isə təsnifatda 10-cu nəticə göstərən Campos Racing komandasının pilotu Noel Leona verilib. Meksikalı pilot şənbə sprintinə poul mövqeyindən başlamalı idi.

Lakin stüardlar onun cümə günü göstərdiyi bütün nəticələri ləğv ediblər.

Səbəb təsnifatın əvvəlində baş verən insident olub. Leonun bolidi fırlanaraq 5-ci döngədə dayanmış və sessiya qırmızı bayraqlarla dayandırılmışdı.

Sonradan o, bolidini yenidən işə salaraq boksa qayıtmış və təsnifatı davam etdirmişdi. Lakin yarışdan sonra stüardlar sessiyanın dayandırılmasına görə tam məsuliyyətin məhz Leonun üzərində olduğunu müəyyən ediblər.

Adətən belə hallarda pilotun ən yaxşı dövrəsi silinir. Ancaq qırmızı bayraqlar göstərilən anda Leon hələ bir tam sürətli dövrə belə tamamlamamışdı. Buna görə stüardlar qeyri-adi qərar qəbul edərək onun təsnifatdakı bütün nəticələrini ləğv ediblər. Onlar hesab ediblər ki, Noel Leon sessiyanı davam etdirmək hüququna malik olmayıb.

Bununla belə, meksikalı pilota həm sprint, həm də bazar günü keçiriləcək əsas yarışda iştirak etməyə icazə verilib. O, hər iki yarışa sonuncu yerdən başlayacaq.

Bundan başqa, AIX Racing komandasının pilotu Emerson Fittipaldi sarı bayraq rejimini pozduğu üçün startda 10 yer itirib. Van Amersfoort Racing komandasından Rafael Villaqomes isə eyni qaydanın daha yüngül pozuntusuna görə 5 yer geriyə salınıb.

Cəzalardan sonra sprint yarışının poul mövqeyi təsnifatda 11-ci nəticə göstərmiş Prema pilotu Sebastyan Montoyaya keçib. Onun yanında ilk cərgədən Martinius Stenshorn start alıb. İkinci cərgədə Roman BilinskiCoşua Dürksen, üçüncü cərgədə isə Dino BeqanoviçCon Bennet yer alıblar.

Çempionatın lideri və Noel Leonun komanda yoldaşı Nikola Tsolov isə yalnız yeddinci yerdən start götürüb. Yarışdan əvvəl bolqar pilot Spa trasının Monakodan sonra ən sevdiyi tras olduğunu bildirib və maksimum nəticə üçün mübarizə aparacağını deyib.

Üstəlik, onun əsas rəqibləri daha geridən start alıblar. Çempionatda ikinci olan Qabriele Mini təsnifatda 14-cü nəticə göstərə bilmişdi.

Startda Sebastyan Montoya liderliyini qoruyub, lakin bu üstünlük uzun çəkməyib. Kemmel düzlüyündə Martinius Stenshorn onu ötərək birinci yerə yüksəlib. Coşua Dürksen üçüncü yerə qalxıb, Nikola Tsolov isə ilk döngələrdə iki mövqe qazanaraq beşinci olub.

İlk dövrələrdə ciddi hadisə yaşanmayıb. Üçüncü dövrədə Montoya Stenshorna yaxınlaşmağa çalışsa da, özü Dürksenin təzyiqi altında qalıb.

Altıncı dövrədə Dürksen Montoyanı ötərək ikinci yerə yüksəlib. Lakin elə həmin anda Kin Şilds trasdan çıxıb. Nəticədə əvvəlcə sarı bayraqlar, daha sonra isə təhlükəsizlik avtomobili elan olunub.

Təkrarlarda görünürdü ki, Şilds Ritomo Miyata ilə mübarizə apararkən trasdan kənara sıxışdırılıb. Buna baxmayaraq, stüardlar hadisəni yarış insidenti kimi qiymətləndiriblər.

Səkkizinci dövrədə verilən restartdan dərhal sonra Nikola Tsolov Dino Beqanoviçə hücum etsə də, uğur qazana bilməyib. Daha sonra Beqanoviç özü Montoyaya hücum edib. Kolumbiyalı pilot La Source döngəsində səhvə yol verdiyi üçün Kemmel düzlüyündə daha bir mövqeyini itirib. Bundan istifadə edən Tsolov da onun arxasına qədər yaxınlaşıb.

11-ci dövrədə Coşua Dürksen Stenshornu ötərək yarışın lideri olub. Bununla yanaşı, stüardlar start proseduru zamanı mümkün qayda pozuntusuna görə araşdırma aparıblar.

Həmin dövrədə Qabriele Mini üçün yarış başa çatıb. Bolidində ciddi qızma problemi yarandığı üçün komanda yanğın riskini önləmək məqsədilə onu boksa çağırıb. Bu isə Tsolovun çempionatdakı üstünlüyünü artırmasını daha da asanlaşdırıb.

14-cü dövrədə son sıralarda gedən Con Bennet 17-ci döngədə səhvə yol verərək fırlanıb. Xoşbəxtlikdən digər pilotlardan heç biri onun bolidinə çırpılmayıb. Hadisədən sonra yenidən təhlükəsizlik avtomobili trasa çıxıb.

Bu neytrallaşdırma Nikola Tsolov üçün əlverişsiz olub. O, artıq Montoyanı ötməyə hazırlaşırdı, lakin təhlükəsizlik avtomobili buna imkan verməyib.

Restart yarışın son dövrəsinə təsadüf edib. Tsolov dərhal Montoyanı keçərək dördüncü yerə yüksəlib. Ardınca Aleks Dann da kolumbiyalı pilotu geridə qoyub. Montoya trasdan çıxaraq daha bir neçə mövqe itirib.

Son dövrədə Nikola Tsolov Dino Beqanoviçi də keçməyə çalışsa da, buna vaxt çatmayıb.

Beləliklə, Invicta Racing komandasının pilotu Coşua Dürksen mövsümdə ikinci qələbəsini qazanıb. Paraqvaylı pilot ilk qələbəsini də Avstraliyada keçirilən sprint yarışında əldə etmişdi.

İkinci yeri Rodin Motorsport komandasının pilotu Martinius Stenshorn tutub. Bu, norveçli pilotun mövsümdə üçüncü podiumu olub. O, daha əvvəl Monrealda əsas yarışı da qazanmışdı.

Üçüncü pillədə Dino Beqanoviç finiş görüb. Nikola Tsolov isə podiuma yüksələ bilməsə də, dördüncü yerə görə qazandığı 5 xal sayəsində çempionatdakı üstünlüyünü 22 xala çatdırıb.

Rauf Hacıyev

Şərh əlavə et