Spa-Frankorşam trasında son sərbəst yürüşdən əvvəl hava temperaturu 19°C, asfaltın temperaturu isə 34°C ölçülüb. Son yoxlamaların ardından sessiyaya start verilib və pilotların əksəriyyəti trasa çıxıb.
Sessiyanın ilk 10 dəqiqəsində Ayzek Hacar 1:48.231 nəticə ilə erkən tempi müəyyənləşdirib. Lakin 10-cu dəqiqədən sonra Liam Louson 1:47.786 dövrə vuraraq liderliyi ələ keçirib.
Sessiyanın ilk rübündə Şarl Lekler, Maks Ferstappen, Corc Rassell və Kimi Antonelli kimi ön sıralarda yer alan pilotlar hələ trasa çıxmayıblar. İlk sürətli dövrəsini tamamlayan Lyuis Həmilton 1:47.436 nəticə göstərərək birinci pilləyə yüksəlib.
Ayzek Hacar orta tərkibli təkərlərlə vurduğu sürətli dövrədən sonra Həmiltondan cəmi 0.071 saniyə geri qalaraq ikinci pilləyə yüksəlib. Karlos Sayns isə 1:49.123 nəticə ilə 12-ci yerə yüksəlib.
Sessiyanın 20-ci dəqiqəsi geridə qalarkən Mercedes pilotları və Maks Ferstappen hələ də trasa çıxmamışdılar.
Arvid Lindblad qısa müddətlik liderliyə yüksəlsə də, Lyuis Həmilton 1:46.789 nəticə göstərərək vaxtını yaxşılaşdırıb və yenidən birinci pilləyə yüksəlib.
Sessiyanın ortalarına doğru Maks Ferstappen trasa çıxaraq 1:47.167 nəticə ilə ikinci pilləyə yerləşib.
Ayzek Hacar pitdən çıxarkən qəfil dayanıb və komandasına radio vasitəsilə boliddə güc olmadığını bildirib.
Sessiyanın ilk yarısı tamamlandıqdan sonra Corc Rassell trasa çıxaraq 1:47.286 nəticə ilə üçüncü pilləyə yüksəlib. Ardınca komanda yoldaşı Kimi Antonelli ilk sürətli dövrəsini vurub və 1:45.990 nəticə ilə liderliyə yüksəlib. Antonelli sürətli dövrəsini tamamladıqdan sonra boksa qayıdıb.
Sessiyanın bitməsinə 15 dəqiqə qalmış Maks Ferstappen Soft təkərlərlə vurduğu 1:46.138 nəticə ilə ikinci pilləyə yüksəlib. Corc Rassell 1:46.357 nəticə ilə üçüncü yerə çıxsa da, Lando Norris güclü dövrə vuraraq Antonellidən cəmi 0.139 saniyə geri qalıb və ikinci pilləyə yüksəlib.
Sessiyanın bitməsinə təxminən 10 dəqiqə qalmış Kimi Antonelli radio vasitəsilə komandasına ötürmələr qutusunun keçidlərində problem yaşadığını bildirib və sürətli dövrəsini yarımçıq saxlayıb. Qısa müddət sonra daha bir cəhd edən italiyalı pilot 1:46.255 nəticə göstərsə də, ən yaxşı vaxtını yaxşılaşdıra bilməyib.
Sessiya başa çatarkən damalı bayraq göstərilən anda Lyuis Həmilton bolidinə nəzarəti itirib, çınqıl zonaya çıxaraq maşının sağ arxa hissəsini baryerlərə sərt şəkildə çırpıb. Qəza nəticəsində zədələnən bolidin sıralama turuna qədər bərpa olunmasına çalışılacaq.
Qəzadan sonra pilotlar sarı bayraqlar altında boksa qayıdıblar.




Şərh əlavə et