Xəbəri Kokpitdə Oxuyun!

Belçika F3 – Nakamuradan ilk qələbə!

Hitech GP komandasının pilotu Cin Nakamura Spa-Frankorşam trasında keçirilən şənbə sprint yarışının qalibi olaraq Formula 3 karyerasındakı ilk qələbəsini qazanıb. Rodin Motorsport komandasının pilotları Brando Badoer və Pedro Klero isə podiumu tamamlayıblar.

Təsnifat mərhələsindən sonra stüardlar çoxsaylı cəzalar tətbiq etdikləri üçün start düzülüşü ciddi şəkildə dəyişib. Nəticədə poul mövqeyinə Brando Badoer yüksəlib. Onunla birlikdə ilk cərgədən Pedro Klero start alıb. İkinci cərgədə Mattia Kolnaqi və Cin Nakamura yer alıblar. Əslində Nakamura yarışa pouldan başlamalı idi. Çempionatın lideri Uqo Uqoçukvu isə sprintə 10-cu yerdən start verib.

Səhər saatlarında Spa trasında hava buludlu, lakin quru olub. Havanın temperaturu +17°C, asfaltın temperaturu isə +24°Ctəşkil edib.

Startda Brando Badoer liderliyini qoruyub saxlayıb. Əla start alan Cin Nakamura isə ikinci yerə yüksəlib.

Arxada beşinci döngənin əyləclənmə zonasına daxil olarkən Mattia Kolnaqi Hiyu Yamakoşini fırladıb. Lakin sonradan yaponiyalı pilot əyləclənmə zamanı trayektoriyanı bir dəfədən çox dəyişdirdiyi üçün 10 saniyəlik cərimə alıb.

Altıncı döngədə Freddi Sleyter və Uqo Uqoçukvu arasında toqquşma baş verib. Sleyter yarışı dayandırıb, Uqoçukvu isə zədələnmiş bolidlə boksa qayıdıb və mexaniklər avtomobili yoxlamağa başlayıblar. Hadisədən sonra təhlükəsizlik avtomobili trasa çıxıb. Stüardlar insidenti yarış epizodu kimi qiymətləndiriblər.

12 dövrəlik yarışın dördüncü dövrəsində restart verilib. Nakamura beşinci döngədən əvvəlki düzlükdə Badoeri ötərək liderliyə yüksəlib. Bu vaxt Uqo Uqoçukvu bir dövrə geri qalmasına baxmayaraq trasa qayıdıb və ən sürətli dövrəni vurub.

Beşinci dövrənin sonunda Pedro Klero son şikanada komanda yoldaşı Badoeri keçməyə cəhd edib. Lakin toqquşmamaq üçün qaz pedalını buraxmağa məcbur qalıb. Yeddinci dövrəyə qədər Teofil Nael beşinci yerə yüksəlib.

Səkkizinci dövrədə trasa ikinci dəfə təhlükəsizlik avtomobili çıxıb. Buna səbəb marşalların tras üzərindəki çınqılları və ilk döngədən çıxışdakı SM zonasının başlanğıcını göstərən qırılmış köpük lövhəni təmizləməsi olub.

Yarış 11-ci dövrədə yenidən bərpa edilib. Restart problemsiz keçib. İlk dördlük mövqelərini qoruyub, Taito Kato isə Teofil Naeli ötərək beşinci yerə yüksəlib. Tuukka TaponenErnesto Riveranı geridə qoyaraq yeddinci pilləyə qalxıb.

Cin Nakamura yarışı inamla başa vuraraq Formula 3-də ilk qələbəsini qazanıb. Brando Badoer ikinci yeri tutaraq mövsümdə üçüncü dəfə podiuma yüksəlib. Pedro Klero da üçüncü yeri tutmaqla bu mövsüm üçüncü podiumunu əldə edib.

Altıncı yerdə finiş görən Teofil Nael çempionatda liderlər olan Uqo Uqoçukvu və Freddi Sleyterə bir qədər yaxınlaşıb. Hər iki lider sprint yarışını xalsız başa vurub.

Rauf Hacıyev

Şərh əlavə et