Pirelli-nin baş mühəndisi Simone Berra deyib: “Gecə yağan və gün ərzində arabir davam edən yağış səbəbindən asfaltın ilişmə səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Buna görə də trasdakı nəticələr həm bizim, həm də komandaların gözlədiyindən zəif olub. Lakin artıq yağıntı olmasa, asfalt tədricən işlənmiş rezin təbəqəsi ilə örtüləcək və ilişmə əvvəlki səviyyəyə qayıdacaq.
İkinci məşq sessiyası qırmızı bayraqlarla dayandırılsa da, hesab edirəm ki, komandalar yarış həftəsonunun əsas sessiyalarına hazırlaşmaq üçün kifayət qədər məlumat toplaya biliblər.
Daha yumşaq tərkibli təkərlərdə deqradasiya gözlədiyimizdən bir qədər yüksək olub və bu, həm ön, həm də arxa oxda müşahidə edilib. Ön təkərlərdə buna abraziv asfalt, arxa təkərlərdə isə istilik təsiri səbəb olub. Lakin həftəsonunun qalan günlərində temperatur aşağı olacaq və trasın vəziyyəti yaxşılaşacaq. Buna görə də eyni tendensiyanın təkrarlanacağını gözləmirik.
Medium və Soft tərkibləri arasındakı sürət fərqi hesablamalarımıza uyğundur və təxminən 0,4-0,5 saniyə təşkil edir. Birinci məşqdə yalnız bir neçə komanda Hard təkərlərlə işləyib, əksəriyyət isə iki dəst Hard təkəri ehtiyatda saxlamağa üstünlük verib.
Bazar günü bir pit-stoplu strategiyanın əsas seçim olacağı ehtimalı yüksək olduğu halda, bunun hansı səbəbdən edildiyini izləmək maraqlı olacaq.
Bununla belə, yarış neytrallaşdırılacağı təqdirdə əlavə təkər dəsti vacib üstünlüyə çevrilə bilər. Əgər həmin vaxta qədər pit-stop artıq edilibsə, ehtiyat dəst komandaya strateji baxımdan əlavə imkan yaradacaq”.



Şərh əlavə et