Xəbəri Kokpitdə Oxuyun!

Komandaların Belçikadakı yenilikləri

Belçika Qran Prisi öncəsi çempionatın 11 komandasından doqquzu bolidlərinə müxtəlif texniki yeniliklər hazırlayıb. Siyahıya ümumi baxış göstərir ki, mövsümün bu mərhələsində modernləşdirməyə daha çox geridə qalan komandalar üstünlük verir. Yeganə diqqətçəkən istisnalardan biri isə Macarıstanda köklü şəkildə yenilənmiş şassi təqdim etməyi planlaşdıran Aston Martin-dir.

 

McLaren

Hazırkı dünya çempionu komanda yalnız iki yenilik təqdim edib və onların hər ikisi arxa qanadla bağlıdır.

McLaren bildirib ki, yeni arxa qanad Spa trasının xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb. Xüsusilə qanadın yan lövhələrinin geometriyası dəyişdirilib ki, bu da hava axınının daha səmərəli idarə olunmasına imkan verir.

Ümumilikdə yeni qanad həm düzlüklərdə, həm də döngələrdə hava müqavimətini azaltmağa kömək edir.

Mercedes

Çempionatın lideri də arxa qanad üzərində işləyib. Dəyişikliklər Spa üçün tələb olunan aşağı asfaltayatma qüvvə və azaldılmış hava müqaviməti nəzərə alınaraq hazırlanıb. Xüsusilə arxa qanadın əsas profilinin yuxarı hissəsi daha yastı formaya salınıb.

Bundan başqa, ön qanadın yan lövhələrinin geometriyası da yenilənib. Bu dəyişiklik ön qanadın müxtəlif şəraitlərdə daha səmərəli işləməsinə və bolidin arxa hissəsinə yönələn hava axınının keyfiyyətinin yaxşılaşmasına xidmət edir.

Red Bull Racing

RB22 bolidində arxa qanadı daşıyan dayaqların profili yenidən işlənib.

Komandanın açıqlamasına görə, məqsəd hava axınının sabitliyini qorumaqla aerodinamik səmərəliliyi artırmaqdır.

Williams

Karlos SaynsAleks Elbonun bolidlərində arxa əyləc hava kanalları yenilənib. Onların üzərindəki əlavə aerodinamik elementlərin yerləşməsi dəyişdirilib və bu, Spa trasının xüsusiyyətlərinə uyğunlaşdırılıb.

Bundan əlavə, FW48 yenilənmiş döşəmə ilə təchiz olunub. Yeni konstruksiya diffuzorun daha səmərəli işləməsinə imkan verir.

Racing Bulls

Faentsa təmsilçisi dörd texniki yenilik təqdim edib.

Mühərrik qapağı və təhlükəsizlik tağının yuxarı hissəsi yenidən işlənib, bunun nəticəsində hava girişinin forması dəyişdirilib. Giriş dəliyi daha dar hazırlanıb ki, arxa hissəyə və arxa qanada yönələn hava axını daha keyfiyyətli olsun.

Ön hissədə, əyləc barabanı qovşağı ətrafındakı aerodinamik elementlər də yenilənib. Bu dəyişiklik həmin zonada hava axınına nəzarəti yaxşılaşdırır.

Arxa qanad da ciddi şəkildə təkmilləşdirilib. Həm əsas hissə, həm də hərəkətli element yenidən işlənib. Komandanın sözlərinə görə, bu yenilik həm Spa-da, həm də digər traslarda asfaltaytma qüvvəsinin daha səmərəli yaradılmasına imkan verir.

Haas

Amerika komandası da bir neçə yenilik hazırlayıb.

Ön qanadın əsas səthləri, dayaqları və yan lövhələrinin geometriyası dəyişdirilib. Həmçinin bolidin ön hissəsində yerləşən deflektorda kiçik dəyişikliklər edilib.

Arxa hissədə isə əlavə arxa qanad yenilənib. Onun geometriyası dəyişdirilərək müxtəlif aerodinamik konfiqurasiyalara daha çevik uyğunlaşması və ümumi səmərəliliyin artırılması hədəflənib.

Audi F1

R26 bolidi Spa üçün hazırlanmış yeni arxa qanad alıb. Bundan əlavə, inkişaf proqramı çərçivəsində diffuzor da yenilənib. Onun yan divarlarına əlavə kiçik qanadcıqlar quraşdırılıb.

Alpine

Renault-nun baza komandası Halo təhlükəsizlik sisteminin üzərində yerləşən aerodinamik örtükləri dəyişdirib.

Halo üzərinə əlavə kiçik qanadcıq quraşdırılıb ki, bu da hava axınının bolidin arxa hissəsinə daha səmərəli yönləndirilməsini təmin edir.

Cadillac F1

Cadillac yalnız bir yenilik təqdim edib.

Komanda ön qanadın yan lövhələrini ciddi şəkildə yenidən işləyib. Onların müxtəlif elementlərinin geometriyası dəyişdirilib ki, altlığın ön hissəsinə yönələn hava axınının keyfiyyəti yaxşılaşsın.

Rauf Hacıyev

Şərh əlavə et