Xəbəri Kokpitdə Oxuyun!

Belçika GP – Antonelli günü zirvədə bağlayıb

F1 üzrə Belçika Qran Prisinin ikinci sərbəst yürüşünü ən sürətli tamamlayan pilot Kimi Antonelli olub.

Spa-Frankorşam trasında ikinci sərbəst yürüşdən əvvəl hava günəşli olub. Havanın temperaturu 24°C, trasın temperaturu isə 36°C ölçülüb.

Cümə gününün son sessiyasına yaşıl işıq verildikdən sonra pilotlar dərhal trasa çıxıblar. Bütün bolidlər orta tərkibli təkərlərlə təchiz olunub.

İlk dövrələrdən sonra Kimi Antonelli 1:46.911 nəticə ilə liderliyə yüksəlib. Sessiyanın başlamasından 10 dəqiqə sonra qırmızı bayraq göstərilib. Buna səbəb kimi tras üzərində həddindən artıq çınqılın olması göstərilib.

Qırmızı bayraq rejimi təxminən beş dəqiqə davam edib. Pit yolu yenidən açıldıqdan sonra pilotlar trasa qayıdıblar.

Bu dəfə Antonelli yumşaq tərkibli təkərlərlə 1:45.944 nəticə göstərib. Maks Ferstappen ondan 0.472 saniyə geri qalaraq ikinci yerə yüksəlib. Lando Norris isə Ferstappendən təxminən 0.3 saniyə daha sürətli dövrə vuraraq ikinci pilləni ondan alıb.

Bu zaman Antonellinin komanda yoldaşı Corc Rassell liderdən təxminən 1.3 saniyə geri qalaraq səkkizinci yerdə qərarlaşıb.

Sessiyanın bitməsinə 15 dəqiqə qalmış əvvəlcə sarı, ardınca isə qırmızı bayraqlar dalğalanıb. Buna səbəb Pyer Qaslinin bolidinin Fany şikanında ciddi qəza keçirməsi olub. Qaslinin 13-cü döngədə arxa hissənin idarəsini itirərək baryerlərə çırpıldığı görüntülənib.

Sessiyanın başa çatmasına bir dəqiqə qalmış yaşıl bayraq göstərilib və pilotlar son cəhdləri üçün yenidən trasa çıxıblar.

Damalı bayraq dalğalandıqda sessiyanı ilk pillədə başa vuran Kimi Antonelli olub. Lando Norris ikinci, Maks Ferstappen isə üçüncü yeri tutub. Onları müvafiq olaraq Lyuis Həmilton, Ayzek HacarOskar Piastri izləyiblər.

Rauf Hacıyev

Şərh əlavə et