Yapon sürücü üçün bu, 2026-cı mövsümdə ilk belə təcrübə olacaq. O, ötən il isə Oliver Berman və Esteban Okonu dörd dəfə sərbəst yürüşlərdə əvəzləmişdi.
Komandanın rəhbəri Ayo Komatsu: “Son iki mərhələnin nəticələri bizi məyus etdi, lakin mövsümün bu hissəsində qısa müddətdə çoxlu yarış keçiriləcək ki, bu da müsbət məqamdır. Qarşıda bizi bir həftə fasilə ilə Avstriya və Böyük Britaniya Qran Priləri gözləyir.
Bu iki tras tamamilə fərqlidir, lakin hər ikisi VF-26 bolidi haqqında yeni məlumatlar əldə etmək üçün yaxşı fürsətdir.
Red Bull Ring-də ilk məşq sessiyasını Ryoya həvalə edəcəyik. Onun təəssüratlarını öyrənmək faydalı olacaq, çünki o, bu bolidi hələ idarə etməyib. O, WEC çempionatında Toyota ilə Le-Man yarışında podium qazandıqdan qısa müddət sonra komandaya qayıdıb və biz onun uğuruna çox sevindik. Bu mövsüm Hirakava əvvəlki illərin bolidləri ilə keçirilən TPC proqramında da mühüm rol oynayır.
Daha əvvəl də dediyim kimi, qarşıda beş həftəsonuna sığan dörd yarış var. İş çoxdur, amma çətinliklərə hazırıq. İstehsal proseslərini inkişaf etdirməyə və yaxşı nəticələr göstərməyə davam etməliyik. Bunun öhdəsindən gələ biləcəyimizə əminik.
Mövsümün ilk beş mərhələsinin dördündə xal qazanmışıq və indi yenidən həmin sabitliyi bərpa etməliyik”.
Ryo Hirakava:“İlk növbədə, bu imkana görə Toyota Gazoo Racing və Haas komandasına təşəkkür edirəm. Bu, 2026-cı ildə ilk sərbəst yürüşüm olacaq və mən uzun müddətdir Red Bull Ring-də sürməmişəm. Düşünürəm ki, VF-26 ilə ilk təcrübə üçün ideal trasdır. Burada həm uzun düzlüklər, həm də müxtəlif xarakterli sürətli və yavaş döngələr var.
Mən səbirsizliklə bu anı gözləyirəm. Sessiya cəmi 60 dəqiqə davam edir və bu, çox az vaxtdır. Məqsəd mümkün qədər tez bolidə uyğunlaşmaq və maksimum məlumat toplamaqdır. Komandaya mümkün qədər faydalı olmağa çalışacağam”.




Şərh əlavə et