Xəbəri Kokpitdə Oxuyun!

C.Krouford Avstriyada Strollu əvəz edəcək

Aston Martin komandası təsdiqləyib ki, ehtiyat pilot Cek Krouford Avstriya Qran Prisinin ilk sərbəst yürüşündə iştirak edəcək və Red Bull Ring trasında Ləns Strollu əvəzləyəcək.

Bu, Cek üçün Formula 1-də dördüncü, 2026-cı il mövsümündə isə ikinci sərbəst yürüş olacaq. 21 yaşlı amerikalı sürücü bu həftə Barselonada keçirilən Pirelli təkər testlərində AMR26 bolidinin sükanı arxasında çalışıb və hazırda yaxşı formadadır. İndi isə o, gənc formulalarda çıxış etdiyi dövrdən yaxşı tanıdığı Şpilberq trasına qayıdacaq. Krouford vaxtilə burada həm Formula 3, həm də Formula 2 yarışlarında qalib gəlib. Bundan başqa, o, 2024-cü ilin iyununda məhz burada ilk dəfə Aston Martin bolidini idarə edib.

Həmin vaxtdan etibarən o, Silverstoun təmsilçisinin gənc pilot proqramına qoşulub və komandanın bolidləri ilə 3800 kilometrdən çox məsafə qət edib. Bu göstərici onu dünya çempionatında iştirak etməyən ən hazırlıqlı gənc peşəkar sürücülərdən birinə çevirir.

Cek Krouford bildirib: “Yarış həftəsonu ərzində AMR26-nı idarə etmək üçün növbəti fürsəti əldə etmək çox xoşdur. Avstriya trasını yaxşı tanıyıram və maraqlı təcrübə yaşayacağam, çünki Aston Martin bolidi ilə ilk testlərimdən təxminən iki il sonra yenidən Red Bull Ring-ə qayıdıram.

Bu mövsüm komandanı dəstəkləmək üçün simulyatorda çox vaxt keçirmişəm, yaxınlarda isə Barselonada Pirelli təkər testlərində iştirak etmişəm. İndi həmin təcrübəni trasda tətbiq etməyə hazıram.

Formula 1 bolidini idarə etmək üçün hər fürsəti dəyərləndirirəm və komandaya faydalı məlumatlar təqdim etmək, məşq sessiyasını mümkün qədər səmərəli keçirmək üçün əlimdən gələni edəcəyəm”.

Aston Martin komandasının yarış direktoru Mayk Krək isə deyib: “Cek üçüncü pilot kimi komandada vacib rol oynamaqda davam edir və Avstriyadakı qarşıdakı məşq sessiyası onun inkişaf prosesində növbəti mühüm mərhələ olacaq.

Mövsüm ərzində o, simulyator proqramımızda çox fəal iştirak edib, yaxınlarda isə Barselonadakı Pirelli testlərində məhsuldar iş aparıb. Avstriyada biz Cekin yarış həftəsonu şəraitindəki inkişafını bir daha qiymətləndirmək imkanı əldə edəcəyik, komanda isə vacib məlumatlar toplayacaq”.

Rauf Hacıyev

Şərh əlavə et