McLaren və Red Bull FIA-ya rəsmi apellyasiya niyyətlərini bildirərək özlərinə 96 saatlıq düşünmə müddəti qazandırıblar. Mercedes isə Corc Rassellin Monakodakı nəticəsi ilə bağlı birbaşa “Yenidən Baxılma Hüququ” prosedurunu işə salıb.
Formula 1 qaydalarına əsasən, yenidən baxılma prosesi həmişə iki mərhələdən ibarət olur. İlk mərhələdə stüardlar təqdim olunan əlavə sübutların həqiqətən yeni, əhəmiyyətli və yarış zamanı əlçatmaz olub-olmadığını müəyyən etməlidirlər.
Yalnız bundan sonra, əgər stüardlar həmin sübutları qəbul etsələr, ikinci mərhələdə müvafiq yarışla bağlı iş yenidən açılır və verilmiş qərara yenidən baxılır.
Mercedes bu iki mərhələli prosesdə Formula One Management-in (FOM) Monakodakı ölçmələrin tam dəqiq olmadığını etiraf etməsini və Qaslinin cəzasının ləğv edilməsini yeni sübut kimi təqdim edir.
Almaniya təmsilçisi hesab edir ki, həm bu etiraf, həm də Qasli ilə bağlı qərar yarış zamanı mövcud olmayıb və buna görə də Rassell cəzalandırılarkən onlar həmin məlumatlara sahib olmayıblar.
Ötən bazar günü məsələ ilə bağlı danışan Mercedes komandasının rəhbəri Toto Volf belə deyib: “Qasli hadisəsi ilə bağlı yenidən baxılma müraciəti etdik. Çünki qısaca desək, qərarlar verilərkən biz də həmin masada olmaq istəyirik.”
Bazar ertəsi səhəri həm Mercedes, həm də FIA prosesin rəsmi şəkildə başladığını təsdiqləyiblər. Lakin işin rəsmi şəkildə baxılması üçün Mercedes-in təqdim etməli olduğu bir neçə sənəd hələ də qalır. Bu səbəbdən FIA tərəfindən hələlik rəsmi sənəd dərc edilməyib.
Volf Barselonada verdiyi açıqlamada Mercedes-in bu prosesdə uğur qazanmaq şansının aşağı olduğunu etiraf edib. Bunun əsas səbəbi Rassellin vəziyyətinin Qaslininkindən xeyli mürəkkəb olmasıdır.
Alpine Qaslinin yarışdan sonra nəticəsinə əlavə edilmiş 10 saniyəlik vaxt cəzasını asanlıqla ləğv etdirə bilib. Lakin Corc Rassell ilk beşsaniyəlik cəzasını yarış zamanı düzgün icra etmədiyi üçün stüardlar tərəfindən pitdən keçmə cəzası alıb və həmin cəzanı da yarış ərzində yerinə yetirib.
Formula 1 qaydalarında yarış zamanı fiziki olaraq çəkilmiş və icra olunmuş pitdən keçmə cəzasının ləğvi və ya kompensasiya olunması üçün hər hansı mexanizm nəzərdə tutulmayıb.
Buna baxmayaraq, Mercedes bu addımla həm öz mövqeyini qorumağa, həm də gələcəkdə oxşar halların necə qiymətləndiriləcəyi ilə bağlı stüardlardan daha aydın izahat almağa çalışır.




Şərh əlavə et