Monako Qran Prisində pit yolundakı sürət ölçmələrində 77 santimetrlik sensor xətasının aşkar olunması və Alpine pilotu Pyer Qaslinin cəzalarının ləğv edilməsi Barselona həftəsonunun da əsas müzakirə mövzularından birinə çevrilib.
Bu qərardan sonra Qasli üçüncü yerə yüksələrək podiumun son pilləsini əldə edib. Nəticədə Ayzek Hacar dördüncü yerə geriləyib və podiumunu itirib.
Hadisələrdən sonra Red Bull komandasının rəhbəri Loren Mekis bildirib ki, onlar idmanın gələcəyi naminə məsələni rəsmi qaydada apellyasiya instansiyasına çıxarmağı düşünürlər: “Hələ ki, rəsmi apellyasiya müraciətimizi təqdim etməmişik. Bunun üçün bir qədər vaxtımız var. Lakin biz hesab edirik ki, bu hadisə idmanın rifahı baxımından prinsip məsələsidir.
Yarış zamanı verilən və normal şəraitdə apellyasiya edilə bilməyən cəzaların sonradan necə qiymətləndirilməsi və yarış nəticələrinin hüquqi baxımdan nə dərəcədə yekun hesab olunması məsələsində tam aydınlıq olmalıdır.
Heç bir ölçmə sistemi mükəmməl deyil. Sürəti ölçməyin qüsursuz yolu yoxdur. Ancaq biz uzun illərdir eyni sistemdən istifadə edirik. Cümə günü də, əvvəlki illərdə də sistem eyni olub və hamımız buna uyğunlaşmışıq.
Trasdakı 17-18 bolid qaydalara riayət etməyi bacardı. Buna görə də idman olaraq kifayət qədər möhkəm və etibarlı yanaşmaya sahib olduğumuza şübhə etməməliyik ki, gələcəkdə həm azarkeşlər, həm də komandalar üçün hər şey tam aydın olsun”.
Digər komandalar üçün isə vəziyyət daha mürəkkəb xarakter alıb. Qaslinin cəzası yarışdan sonra nəticəsinə əlavə edildiyi üçün onun ləğvi mümkün olub. Lakin Oskar Piastri və Corc Rassell cəzalarını yarışda pit stop zamanı çəkdiklərindən, mövcud qaydalara əsasən həmin cəzaların geri qaytarılması üçün hər hansı mexanizm yoxdur.
Piastri bu cəza olmasaydı, yarışı üçüncü pillədə başa vura bilərdi. Mercedes komandasının rəhbəri Toto Volf da cəzalar səbəbindən 12-ci yerə geriləyən və podium uğrunda mübarizədən kənarda qalan Corc Rassellin vəziyyəti ilə bağlı komandanın hüquqşünasları ilə məsləhətləşdiyini təsdiqləyib.
Komandaların rəsmi apellyasiya proseduruna başlamaq üçün iyunun 16-sı, çərşənbə axşamına qədər vaxtları var.




Şərh əlavə et