Kokpit.az bildirir ki, yeddiqat dünya çempionunun bu nəticəsi Montmelodakı avtodromun tribunalarında böyük coşqu yaradıb.
Lyuis Həmilton: “Əvvəlcə komandamdakı hər kəsə təşəkkür etməliyəm – həm trasda çalışanlara, həm Maranellodakı bazada işləyənlərə, həm də Fred Vassyörə. Mənə inandığı və məni bu komandaya dəvət etdiyi üçün ona minnətdaram. Belə bir uğuru arzulayırdım, baxmayaraq ki, ötən il bu, demək olar, mümkünsüz görünürdü.
Amma mən heç vaxt ümidimi itirmədim, komanda da məni dəstəkləməyə davam etdi. Biz daim nələrisə dəyişdik, irəliləyişə nail olmağa çalışdıq. Amma daha vacibi odur ki, hər bir idmançının yalnız arzulaya biləcəyi qədər böyük azarkeş ordum var. Bir sözlə, hər kəsə ayrı-ayrılıqda minnətdaram! Bütün qələbələr özünəməxsusdur, amma bu qələbə tamamilə xüsusi yer tutacaq.
Gəncliyimdə Skuderiyanın qalib gəldiyi yarışları televiziyadan izləyirdim. Formula 1 pilotu olandan sonra həmişə maraqlanırdım ki, qırmızı maşının sükanı arxasında qələbə qazanan insan hansı hissləri yaşayır. İndi bunu bilirəm! Komanda nəhəng iş görüb və hamı bu uğura həqiqətən layiqdir. Buna görə hədsiz dərəcədə minnətdaram! Bu, yalnız ilk qələbədir, amma ümid edirəm ki, qarşıda belələri hələ çox olacaq.
Bu gün pit-stoplar da dəqiq və ahəngdar keçdi, taktika da düzgün seçilmişdi. Maşın möhtəşəm işləyirdi. Amma mən də bu gün podiumun ən yüksək pilləsinə qalxmaq üçün çox ciddi hazırlaşmış və məşq etmişdim. Çox böyük iş görmüşəm, baxmayaraq ki, bu, pərdə arxasında baş verib. Maşında nələrisə dəyişməyə davam etdiyimiz vaxt komanda mənə özüməinam qazanmaqda kömək edib.
Vacib olan odur ki, mənə inandılar, qərarlarıma və istədiyim hər şeyə etibar etdilər. Tədricən hər şeyin bir araya gəldiyini görməyə başladıq. Sadəcə çox xoşbəxtəm, məşğul olduğum işi sevirəm – Formula 1 maşınını idarə etməklə ümumiyyətlə heç nə müqayisə oluna bilməz! Əlbəttə, bu nəticəni qəbul edirəm, amma qarşıda hələ çox uzun yol var və Mercedes hələ də çox sürətlidir. Biz işləməyə davam edəcəyik və onlara çatmağa çalışacağıq. Şübhəsiz, mübarizə hələ başa çatmayıb”.




Şərh əlavə et