Xəbəri Kokpitdə Oxuyun!

Barselona GP: Həmilton Ferrari ilə ilk qələbəsini qazandı

2026-cı il İspaniya Qran Prisinin qalibi Ferrari ilə ilk qələbəsini qazanan Lyuis Həmilton olub.

 

Barselonada keçirilən İspaniya Qran Prisi öncəsi hava kifayət qədər isti olub. Yüksək temperaturun təkər aşınmasını artıracağı nəzərə alınaraq yarışda iki və ya üç pit stop strategiyasının üstünlük təşkil edəcəyi gözlənilirdi.

Yarışa poul mövqeyindən başlayan Corc Rassell beş qırmızı işıq söndükdən sonra uğurlu start alıb və ilk döngəni lider keçməyi bacarıb. Lyuis Həmilton isə onu yaxından izləməyə başlayıb.

Şarl Lekler üç mövqe qazanaraq yeddinci yerə yüksəlib. Startın ən böyük itirəni isə doqquz pillə geriləyən Red Bull pilotu Ayzek Hacar olub.

İlk dövrədən sonra Rassell Həmiltonla arasındakı fərqi artırmağa başlayıb. Rassell Medium tərkibli, Həmilton isə Soft tərkibli təkərlərlə yarışırdı.

6-cı dövrədə Aston Martin ötürmələr qutusunda yaranan problem səbəbindən Ləns Strollu boksa çağırıb və onun yarışı dayandırmasını istəyib.

Bu vaxt Şarl Leklerlə Oskar Piastri arasında altıncı yer uğrunda təkər-təkərə mübarizə yaşanıb. Bu dueldən qalib ayrılan Lekler cəsarətli hücumdan sonra Maks Ferstappenin arxasında altıncı yerə yüksəlib.

Ferstappen radio vasitəsilə mühərrikdən güc ala bilmədiyini bildirərkən, McLaren pilotu Lando Norris isə bolidin daim sürüşdüyündən şikayətlənib.

12-ci dövrədın sonra xüsusilə Soft tərkibli təkərlərlə yarışan pilotlar üçün pit stoplar başlayıb. Lyuis Həmiltonun pitə girməsindən sonra Corc Rassell də boksa yollanıb. Bundan sonra Kimi Antonelli yarışın liderliyini ələ keçirib. Rassell və Həmilton pitdən müvafiq olaraq beşinci və altıncı yerlərdə qayıdıblar.

Pitə gələn pilotların böyük əksəriyyəti Hard tərkibli təkərlərə üstünlük veriblər.

Yarışın orta hissəsinə yaxın Lyuis Həmilton Hard təkərlərlə 16 dövrə keçirdikdən sonra ikinci dəfə pitə girib və bu dəfə Medium tərkibli təkərlərlə trasa qayıdıb. Həmilton pitdən çıxdıqda Piastrinin arxasında yeddinci yerdə olub. Mercedes isə bu dəfə Rasselli pitə çağırmayaraq trasdakı mövqeyini qorumağa üstünlük verib.

Bir dövrə sonra Maks Ferstappen də pitə gəlib və 4,5 saniyə çəkən ləng pit-stop keçirib. Audi pilotu Niko Hülkenberq də boksa dönərək yarışı dayandırıb.

Kimi Antonelli Corc Rassellə yaxınlaşdıqdan sonra iki komanda yoldaşı 33-cü dövrədə liderlik uğrunda yan-yana mübarizə aparıblar. Antonelli hücum etsə də, Rassell ona yer buraxmayıb və liderliyini qoruyub.

40-cı dövrədə Mercedes pilotlarının pit stop etməsindən sonra Lyuis Həmilton yarışın liderliyinə yüksəlib. Bu zaman Fernando Alonsonun 9-cu döngədə bolidini saxladığı görüntülənib. Alonso boliddən düşdükdən sonra yarışa virtual təhlükəsizlik avtomobili rejimi daxil edilib.

İkinci yerdəki Rassell üzərində 20 saniyəlik üstünlüyə malik olan Həmilton virtual təhlükəsizlik avtomobili zamanı pitə girib və boksdan Rassellin iki saniyə önündə lider qayıdıb.

Finişə beş dövrə qalmış Kimi Antonelli komanda yoldaşı Corc Rasselli geridə qoyaraq ikinci yerə yüksəlib. Lakin son dörd dövrədə Antonellinin bolidində nasazlıq yaranıb və o, tras üzərində dayanaraq sarı bayraqlara səbəb olub. Hadisədən sonra yenidən virtual təhlükəsizlik avtomobili rejimi tətbiq edilib.

Şarl Lekler də texniki problem yaşayaraq boksa qayıdıb və yarışı vaxtından əvvəl başa vurub.

Pit stoplardan sonra liderliyə yüksələn Həmilton yarışın son hissəsində fərqi daha da artırıb və 66 dövrəlik yarışı ilk sırada tamamlayıb. Beləliklə, britaniyalı pilot həm 2024-cü il Belçika Qran Prisindən sonra ilk qələbəsini qazanıb, həm də Ferrari ilə ilk zəfərinə imza atıb.

Corc Rassell ikinci yeri tutub. Podiumun son pilləsinə isə Lando Norris yüksəlib. Maks Ferstappen dördüncü, Oskar Piastri isə beşinci olub. Ayzek Həcər yarışı altıncı pillədə başa vurub.

Onların ardınca Alpine pilotları qərarlaşıblar. İlk onluğu isə Racing Bulls sürücüləri tamamlayıblar.

Sıra Pilot Komanda Dövrə Vaxt/Fərq Pit
1 L.Həmilton Ferrari 66 3
2 C.Rassell Mercedes 66 +19.561 2
3 L.Norris McLaren 66 +23.719 2
4 M.Ferstappen Red Bull Racing 66 +40.497 3
5 O.Piastri McLaren 66 +58.661 2
6 İ.Həccar Red Bull Racing 65 +1 dövrə 3
7 P.Qasli Alpine 65 +1 dövrə 2
8 F.Kolapinto Alpine 65 +1 dövrə 2
9 L.Louson RB F1 Team 65 +1 dövrə 2
10 A.Lindblad RB F1 Team 65 +1 dövrə 2
11 Q.Bortoleto Audi 64 +2 dövrə 3
12 K.Sayns Williams 64 +2 dövrə 3
13 E.Okon Haas F1 Team 64 +2 dövrə 3
14 S.Peres Cadillac-Ferrari 63 +3 dövrə 3
DNF Ş.Lekler Ferrari 62 +4 dövrə 3
DNF K.Antonelli Mercedes 61 +5 dövrə 2
DNF O.Birman Haas F1 Team 60 +6 dövrə 3
DNF A.Elbon Williams 55 +11 dövrə 4
DNF F.Alonso Aston Martin Racing 37 +29 dövrə 1
DNF N.Hülkenberq Audi 29 +37 dövrə 2
DNF V.Bottas Cadillac-Ferrari 15 +51 dövrə 2
DNF L.Stroll Aston Martin Racing 5 +61 dövrə 1

Rauf Hacıyev

Şərh əlavə et