Xəbəri Kokpitdə Oxuyun!

Barselonada alınan cərimələr

Barselona Qran Prisinin şənbə günündən sonra 3 sürücü cərimə alıb.

Ləns Stroll Barselona-Kataloniya Qran Prisinin üçüncü sərbəst yürüş sessiyasında pit-leyn sürət limitini aşdığı üçün cərimələnib.

Aston Martin komandasının sürücüsü pit-leyndə 85,9 km/saat sürətlə hərəkət edib. Halbuki bu həftəsonu üçün müəyyən edilmiş maksimal sürət həddi 80 km/saatdır. Bu qayda pozuntusuna görə stüardlar Aston Martin komandasını 600 avro məbləğində cərimələyiblər.

Barselonada üçüncü sərbəst yürüşlərin sonunda Ləns StrollKimi Antonelli arasında insident yaşanıb.

Aston Martin-in sürücüsü Ləns Stroll bokslardan yavaş çıxıb və birinci döngədə sürətli dövrəsinə başlayan Kimi Antonelliyə mane olub.

Antonelli Strollun bu hərəkətindən narazı qalıb və onu ötdükdən sonra Aston Martin bolidinin qarşısında əyləcə basaraq sürətini azaldıb.

Stüardlar Kimi Antonellinin bu hərəkətini yolverilməz hesab ediblər və Mercedes sürücüsünə mövsümdə ilk rəsmi xəbərdarlığını veriblər. Dinləmələr zamanı Antonelli emosiyalarının və əsəbinin təsiri altında hərəkət etdiyini etiraf edib və davranışına görə üzr istəyib.

Barselona-Kataloniya Qran Prisinin stüardları üçüncü sərbəst yürüş zamanı Şarl Leklerin Niko Hülkenberqə mane olması ilə bağlı insidenti araşdırıblar.

Hadisənin bütün hallarını nəzərdən keçirən və sürücü ilə Ferrari nümayəndəsini dinləyən stüardlar müəyyən ediblər ki, insident zamanı Şarl aşağı sürətlə hərəkət edərək Lyuis Həmiltonu ötürdüyü vaxt Hülkenberqə müəyyən qədər mane olub. Komandadan Nikonun arxadan yaxınlaşdığı barədə Şarla heç bir xəbərdarlıq edilməyib.

Öz növbəsində Ferrari nümayəndələri bildiriblər ki, onlar sürücünü yalnız arxadakı rəqib sürətli dövrədə olduğu halda xəbərdar edirlər.

Bütün halları nəzərə alan stüardlar Şarl Leklerə və Ferrari komandasına rəsmi xəbərdarlıq veriblər.

Rauf Hacıyev

Şərh əlavə et