Kokpit.az xatırladır ki, monakolu sürücü Barselona Qran Prisinin sıralanma turunda qəza edib və sessiyanı vaxtından əvvəl dayandırmalı olub. Gənc sürücü yarışa 10-cu yerdən başlayacaq.
Şarl Lekler: “Mənimlə hər şey qaydasındadır, təşəkkür edirəm. Sadəcə, belə bir qəzadan sonra burada dayanmaq mənim üçün çox utandırıcıdır.
Nə baş verdi? Əyləc pedalını həddindən artıq tez buraxdım və sürəti qorumağa çalışdım. Düşünürəm ki, dördüncü döngə istisna olmaqla, demək olar bütün döngələrdə hamıdan sürətli olmağa yaxın idim. Bilirdim ki, bu bizim zəif nöqtəmizdir, anlayırdım ki, bu dövrədə hər şeyi ideal etməliyəm və bunu etməyə çalışdım.
Əlbəttə, baş verənlərə görə təəssüflənirəm və bir daha deyə bilərəm ki, çox utanıram.
Əvvəlki iki mərhələdə – Kanada və Monakoda çox çətin vəziyyətlə üzləşmişdim və bunun öhdəsindən gəlmək asan deyildi. Monakoda hər şey necə nəticələndisə, elə də oldu və bunu qəbul etmək çox çətin idi, xüsusilə də baş verənlərə çox az təsir göstərə bildiyimi anlayanda.
Bu həftəsonu isə vəziyyət fərqli idi. Maşın əla idarə olunurdu, sükan arxasında hisslər möhtəşəm idi, amma mən öz işimin öhdəsindən gələ bilmədim. Üstəlik, maşını da qəzaya uğratdım, ona görə də heç bir bəhanəm yoxdur. Sadəcə utanıram.
Əlbəttə, sessiyalardan sonra bizim işimiz mətbuatın qarşısına çıxmaq və kameralar önündə sualları cavablandırmaqdır. Lakin belə hadisələr baş verəndə, xüsusilə də sürət tapmaqda çətinlik çəkdiyimiz bir neçə həftəsonundan sonra yalnız xəcalət hiss etmək qalır.
Yeganə müsbət məqam odur ki, maşınla bağlı yaxşı hisslərim geri qayıdıb. Sabahkı yarış öncəsi nikbinəm və hesab edirəm ki, yaxşı nəticə göstərə bilərik. Amma bunu trasda sübut etməli və yarışı ideal keçirməliyəm. Bu, bugünkü səhvimi müəyyən qədər kompensasiya etmək üçün edə biləcəyim minimum şey olacaq. Hər şeyin belə alınmasına görə çox üzgünəm”.




Şərh əlavə et