Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Rassell əla dövrə vurdu

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Corc Rassell əla dövrə vurub.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Barselonada keçirilən sıralama turunda ikinci nəticəni göstərib və Ferrari-nin sükanı arxasında ilk dəfə bazar günü yarışına ön cərgədən başlayacaq.

Lyuis Həmilton: “İlk növbədə tribunlardakı möhtəşəm atmosferi qeyd etmək istəyirəm. Barselonada həmişə əla azarkeşlər olur və bu həftəsonu hava da sadəcə möhtəşəmdir. Dəstəyə görə bütün azarkeşlərə təşəkkür edirəm.

Düzünü desəm, həftəsonu mənim üçün çox çətin keçir. Adətən ilk sərbəst yürüş sessiyasını buraxmaq ciddi problem yaratmır, amma bu dəfə bunun təsiri kifayət qədər hiss olundu. İkinci məşq sessiyasında liderlərdən bir saniyədən çox geri qalırdım və özümü bolidin sükanı arxasında rahat hiss edə bilmirdim.

Bu təkərlər faktiki olaraq yalnız bir sürətli dövrə ərzində maksimum işləyir. Buna görə də hər sessiyada cəmi iki tamhüquqlu cəhdin olur. Hətta soyutma dövrəsindən sonra yenidən hücum etməyə çalışsan belə, bolidin balansı tamamilə fərqli olur və həmin dövrəni etalon kimi istifadə etmək çətinləşir.

Üçüncü məşqdə də vəziyyət dəyişmədi. Hələ də 0.4-0.5 saniyə geri qalırdım və bu fərqi necə bağlamağın yollarını axtarırdım. Məşqdən sonra hətta motorhouma qayıtdım.

Sıralanma turunun ilk hissəsində ən yaxşı nəticəni göstərdim və anladım ki, bolidin balansı yaxşıdır, sükan arxasında özümü inamlı hiss edirəm. İkinci hissədə trafik və digər amillər səbəbindən daha çətin oldu. Daha sonra finalda Corc əla dövrə vurdu və onu yalnız təbrik etmək olar.

Buna baxmayaraq, mən yarışa ön cərgədən başlayacağam və buna görə də sabah yüksək nəticə uğrunda mübarizə aparmaq üçün yaxşı şansımız var.

Bütün həftəsonu ərzində liderlərdən təxminən 0.4 saniyə geri qalırdıq. Yenilikləri bolidə quraşdırdıqdan sonra da səviyyəmizin təxminən belə olduğunu düşünürdük. Buna görə də sıralanma turunda aramızdakı fərqin onda bir saniyədən də az olması Maranellodakı əməkdaşların Barselona üçün hazırladıqları yeniliklər üzərində nə qədər böyük iş gördüklərini göstərir.

Bazadakı hər kəsə böyük təşəkkürümü bildirmək istəyirəm. İşləməyə, bolidi inkişaf etdirməyə və daha da sürətlənməyin yollarını axtarmağa davam etməliyik. Ümid edirəm ki, sabah bir qədər də irəliləyəcəyik və nəhayət rəqiblərimizə ciddi müqavimət göstərə biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et