Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Əla həftəsonudur

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, həftəsonu onun üçün əla keçir. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Barselonada keçirilən sıralanma turunun qalibi olub və mövsümdə üçüncü dəfə poul mövqeyi qazanıb. Kataloniya trasında bu nəticə demək olar ki, Monakodakı qədər önəmlidir.

Corc Rassell: “Hələlik həftəsonu əla keçir! Yenidən özümü əvvəlki kimi hiss edirəm. Demək olar ki, hər dövrədə maksimum nəticə çıxarmağı bacarıram və daim ən yüksək yerlər uğrunda mübarizə aparıram.

Əlbəttə, əvvəlki bir neçə yarış müxtəlif səbəblərdən istədiyimiz kimi alınmadı. Amma bu həftəsonundan əvvəl bütün bunları geridə qoymağa çalışdım. Əhvalım yaxşıdır və poul qazandığıma görə çox sevinirəm.

Sabah bizi maraqlı yarış gözləyir. Xüsusilə də Lyuis Həmiltonun sıralanma turunu çox yaxşı keçirərək ikinci nəticəni göstərməsi məni həqiqətən təəccübləndirdi. Biz düşünürdük ki, əsas rəqiblərimiz Kimi və McLaren sürücüləri olacaq. Lakin Lyuis bu gün keçirilən bütün sessiyalarda yüksək sürət nümayiş etdirdi.

Əminəm ki, sabah çox ciddi mübarizə olacaq. Buna görə də yarış asan keçməyəcək, amma mən buna hazıram”.

Rauf Hacıyev

Şərh əlavə et