Xəbəri Kokpitdə Oxuyun!

Barselonada Rassell poulda, Lekler yenə qəza etdi!

2026-cı il İspaniya Qran Prisinin sıralama turunda ən sürətli nəticəni göstərən Corc Rassell poulun sahibi olub.

Sessiyanın start siqnalının verilməsi ilə pilotlar trasa çıxıblar və 17 dəqiqəlik ilk sessiyaya (Q1) start verilib.

Q1

Sessiyanın ilk dəqiqələrində Williams, Haas və Aston Martin pilotları trasda olublar. Karlos Sayns 1:18.107 nəticə ilə dövrəsini tamamlayaraq qısa müddətlik liderliyə yüksəlib.

Q1-in təxminən beşinci dəqiqəsində Ferrari, Red Bull və Mercedes pilotları da trasa çıxıblar. McLaren isə rəqiblərindən bir qədər gec dövrələrinə başlayıb.

Sürətli dövrəsini tamamlayan Maks Ferstappen 1:16.352 nəticə ilə liderliyə yüksəlib.

Lakin Şarl Lekler 1:15.964 nəticə ilə ona cavab verərək ilk sıranı ələ keçirib. Leklerdən sonra dövrəsini tamamlayan Kimi Antonelli ikinci yerə yüksəlib. Corc Rassell isə qısa müddətlik liderliyə keçsə də, Lyuis Həmilton 1:15.625 nəticə ilə zirvəyə yüksəlib.

Aleks Elbon döngəyə girişdə təkərləri bloklayaraq trasdan kənara çıxıb. Ləns Stroll da bolidinin idarəetməsini itirərək çınqıllı zonasına düşüb.

Q1-in bitməsinə təxminən yeddi dəqiqə qalmış bütün pilotlar sazlamaları optimallaşdırmaq üçün boksa qayıdıblar.

Pilotlar yenidən trasa çıxdıqdan sonra Niko Hülkenberq 1:16.066 nəticə ilə beşinci yerə yüksəlib və Q2-yə vəsiqə qazanıb.

Esteban Okon, Aleks Elbon, Serxio Peres, Valtteri Bottas, Ləns Stroll və Fernando Alonso Q1-də mübarizəni dayandıran pilotlar olublar.

Birinci yeri Həmilton tutub. Rassell ikinci, Lekler isə üçüncü olub.

Q2

Q2-nin başlaması ilə Pyer Qasli 1:17.626 nəticə ilə liderliyə yüksəlib. Lakin komanda yoldaşı Franko Kolapinto 1:17.376 nəticə göstərərək onu geridə qoyub. Maks Ferstappen isə 1:15.484 nəticə ilə müvəqqəti olaraq ilk yerə yüksəlib.

Sonrakı dəqiqələrdə Lekler liderliyə keçsə də, Corc Rassell 1:15.228 nəticə ilə buna cavab verərək yenidən zirvəyə qalxıb.

Bir neçə dövrədən sonra ön sıralardakı pilotlar nəticələrini təmin etdikdən sonra boksa qayıdaraq məlumatların təhlilinə üstünlük veriblər.

Q2-nin son dəqiqələrində həmin an 10-cu yerdə olan Oskar Piastri 1:15.518 nəticə ilə yeddinci yerə yüksəlib. Komanda yoldaşı Lando Norris isə 1:15.361 nəticə ilə dördüncü pilləyə qalxıb.

Beləliklə, Rassell Q2-ni ilk dəqiqələrdə vurduğu 1:15.228 nəticə ilə lider tamamlayıb.

Q3

Q3-ün başlaması ilə pilotlar son dəfə trasa çıxaraq poul uğrunda mübarizəyə başlayıblar.

İlk sürətli dövrəsini tamamlayan Oskar Piastri 1:15.176 nəticə ilə liderliyə yüksəlib.

Maks Ferstappen 1:15.328 nəticə ilə ikinci yerə çıxsa da, qısa müddət sonra Şarl Lekler ciddi qəza keçirib. Döngədə bolidinin idarəetməsini itirən Ferrari pilotu baryerlərə çırpılıb.

Hadisədən sonra qırmızı bayraqlar göstərilib və sessiya müvəqqəti dayandırılıb. Təxminən 10 dəqiqə sonra Leklerin bolidi trasdan götürülüb və Q3 qalan səkkiz dəqiqə ilə yenidən start götürüb.

İlk sürətli dövrəsini tamamlayan Kimi Antonelli 1:15.414 nəticə ilə üçüncü yerə yüksəlib. Komanda yoldaşı Corc Rassell isə 1:15.145 nəticə ilə liderliyi ələ keçirib.

Lyuis Həmilton dövrəsini Mercedes pilotlarından sonra tamamlayıb, lakin kifayət qədər rəqabətədavamlı nəticə göstərə bilməyərək altıncı pillədə qərarlaşıb.

Sessiyanın son anlarında Mercedes pilotları arasında daha bir maraqlı duel yaşanıb. Antonelli 1:14.998 nəticə ilə qısa müddətlik liderliyə yüksəlsə da, Rassell 1:14.679 nəticə ilə zirvəni geri alıb.

Damalı bayraqdan sonra dövrəsini başa vuran Həmilton isə 1:14.743 nəticə göstərərək Antonellini geridə qoyub və Rassellin arxasında ikinci yerə yüksəlib.

Beləliklə, 2026-cı il İspaniya Qran Prisinin poul mövqeyinin sahibi Corc Rassell olub. Lyuis Həmilton ikinci, Kimi Antonelli isə üçüncü yeri tutub.

Pilot Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Y Vaxt Dövrə Y Vaxt Dövrə Y Vaxt Dövrə
1. D.Rassell 2 1:15.717 3 1 1:15.228 3 1 1:14.679 7
2. L.Həmilton 1 1:15.625 3 5 1:15.418 3 2 1:14.743 8
3. K.Antonelli 4 1:15.977 3 3 1:15.295 3 3 1:14.998 8
4. L.Norris 7 1:16.287 3 4 1:15.361 6 4 1:15.001 5
5. M.Ferstappen 8 1:16.352 3 6 1:15.484 3 5 1:15.021 6
6. A.Həccar 10 1:16.427 3 9 1:15.754 3 6 1:15.077 8
7. O.Piastri 6 1:16.138 3 7 1:15.518 6 7 1:15.090 6
8. L.Louson 15 1:16.673 3 8 1:15.585 6 8 1:16.542 5
9. N.Hülkenberq 5 1:16.066 6 10 1:15.768 6 9 1:16.657 5
10. Ş.Lekler 3 1:15.964 3 2 1:15.281 3 10 2
11. A.Lindblad 9 1:16.425 3 11 1:15.840 5
12. G.Bortoleto 14 1:16.616 3 12 1:16.001 6
13. F.Kolapinto 12 1:16.590 6 13 1:16.191 6
14. P.Qasli 13 1:16.599 6 14 1:16.261 6
15. O.Birman 11 1:16.571 9 15 1:16.389 6
16. K.Sayns 16 1:16.881 9 16 1:17.827 6
17. E.Okon 17 1:17.073 9
18. A.Elbon 18 1:17.424 9
19. S.Peres 19 1:17.545 6
20. V.Bottas 20 1:17.757 9
21. L.Stroll 21 1:18.758 8
22. F.Alonso 22 1:18.815 8

Rauf Hacıyev

Şərh əlavə et