Xəbəri Kokpitdə Oxuyun!

Barselona F2: Sprintin qalibi Mainidir

Dünən Barselonada keçirilən Formula 2 təsnifatının nəticələri stüardların Coşua Dürksen və Ritomo Miyata tərəfindən yol verilən qayda pozuntularını araşdırmasından sonra bir qədər dəyişdirilib və hər iki sürücü cəzalandırılıb.

Invicta Racing komandasının paraqvaylı sürücüsü Coşua Dürksen Ritomo Miyatanın qəzasından sonra trasda göstərilən sarı bayraq rejimini pozub. Buna görə də o, həftəsonunun hər iki yarışında start düzümündə beş yer itirmək cəzası alıb. Nəticədə bugünkü sprint yarışına 14-cü yerdən start verib.

Yaponiyalı Ritomo Miyata isə təsnifatın qırmızı bayraqlarla dayandırılmasına səbəb olan yeganə sürücü olduğu üçün cəzalandırılıb. Onun sessiyada göstərdiyi ən yaxşı nəticə ləğv edilib. Miyata 13-cü nəticəni göstərmişdi və buna görə də ondan aşağıda yer alan bütün sürücülər bir pillə irəli yüksəlib, özü isə hər iki yarışa sonuncu yerdən start almaq cəzası alıb.

Sprint yarışına poul mövqeyindən İspaniyanın Campos Racing komandasında çıxış edən meksikalı sürücü Noel Leon start verib və Circuit de Barcelona-Catalunya tribunalarında yer alan çoxsaylı azarkeşlərin dəstəyi əsasən onun tərəfində idi.

Lakin Dürksenin cəzasından sonra yarışa ön sıradan təcrübəli Kuş Maini də başlayırdı. Aqressiv sürmə tərzi ilə seçilən hindistanlı sürücünün yanında isə ilk dəfə olaraq Kolton Herta üçüncü yerdən start alırdı və amerikalı sürücü bu imkandan maksimum yararlanmaq istəyirdi.

Bununla belə, ona təcrübə çatmadı və startda dərhal Nikola Tsolova uduzdu. Leon isə liderliyini qoruya bilmədi, çünki Maini mükəmməl start aldı. Eyni zamanda Qabriyele Mininin də əla startını qeyd etmək lazımdır. O, dərhal üç mövqe qazandı və iki dövrədən sonra Hertaini beşinci yerə sıxışdırdı.

Həmin ikinci dövrədə Martinius Stenshorn 11-ci və 12-ci döngələrin kombinasiyasında Dürkseni trasdan çıxardı. Coşua çınqıllığa düşdü, onu keçərək yenidən trasa qayıtdı, lakin sonuncu mövqeyə gerilədi.

Dördüncü dövrənin əvvəlində Tsolov birinci döngədə Leonu xarici trayektoriya ilə keçərək əla hücum həyata keçirdi və artıq üç saniyə yarımlıq üstünlük qazanmış Maininin arxasınca düşdü.

Bir qədər sonra stüardların qərarı açıqlandı – Stenshorn Dürksenlə insidentə görə 10 saniyə cəza aldı.

Altıncı dövrədə Mini Leonu keçərək üçüncü yerə yüksəldi. Bundan sonra Noel artıq Hertainin təzyiqi altında qaldı. Amerikalı sürücü hələlik hücumlarını nəticəyə çevirə bilməsə də, 5 nömrəli ağ bolidin arxasında çox yaxın məsafədə qalırdı.

Yarış məsafəsinin yarısına yaxınlaşdıqca peloton tədricən uzanırdı və trasda ciddi mübarizə yox idi. Yalnız Dürksen irəliləməyə çalışırdı və heç olmasa Kin Şildsi keçərək 20-ci yerə yüksəlmişdi.

14-cü dövrədə Kolton Herta nəhayət Leonu keçərək bir mövqe qazandı. Qarşıda hələ ondan çox dövrə vardı və üç saniyə yarım öndə gedən Miniyə çata bilib-bilməyəcəyi maraq doğururdu.

15-ci dövrədə Rafael Kamara həmyerlisi Rafael Vilyaqomesə qarşı hücuma keçdi. Bu, altıncı yer uğrunda mübarizə idi. Vilyaqomes rəqibini aşkar şəkildə trasdan kənara sıxışdırdı və buna görə dərhal 10 saniyə cəza aldı. Kamara isə hücumunu tamamlayaraq altıncı yerə yüksəldi.

Bundan sonra Dino Beqanoviç də Vilyaqomesi keçdi, ardınca isə bunu Aleks Dann etdi. Bu nəticə britaniyalı sürücüyə heç olmasa bir xal qazanmaq ümidini verirdi.

Finişə beş dövrə qalmış ilk səkkizlikdə Kuş Maini lider gedirdi. Ondan beş saniyə yarım geridə Nikola Tsolov qərarlaşmışdı və onu çox yaxından Qabriyele Mini təqib edirdi. 22-ci dövrədə çempionat lideri bolqar sürücüyə ciddi təzyiq göstərməyə başladı, lakin Tsolov mövqeyini qoruyurdu. Ardınca Herta, Leon, Kamara, Beqanoviç və Dann gəlirdi.

Son dövrələrdə hadisələr daha da maraqlı inkişaf etdi. Mini Tsolovu keçməyi bacardı, daha sonra isə Kolton Herta da bolqar sürücünü geridə qoydu. Amerikalının yeddinci döngədə etdiyi ötmə xüsusilə təsirli alındı.

Görünürdü ki, Herta artıq podiumla kifayətlənmək istəmir. O, sondan əvvəlki dövrədə Miniyə demək olar ki, çatdı. Bu vaxt Tsolov artıq Leona hücum hazırlayırdı.

Sondan əvvəlki dövrədə Kolton Minini keçmək üçün həlledici hücuma cəhd etdi, lakin uğur qazana bilmədi. Son dövrədə isə kobud səhvə yol verdi, əyləcləri blokladı, trasda qala bilmədi və nəticədə həm Tsolovu, həm də Leonu önə buraxdı.

Beləliklə, podium əldən çıxdı. Buna baxmayaraq, Herta sona qədər mübarizə apararaq döyüşkən xarakter nümayiş etdirdi. Üstəlik, radio əlaqəsində səhvin tamamilə öz günahı olduğunu etiraf etdi və bunu “qəbuledilməz” adlandırdı.

Bu vaxt yarış başa çatdı və sprint yarışının qalibi Kuş Maini oldu. O, Qabriyele Minini yeddi saniyədən çox qabaqladı. Lakin bu nəticə çempionat liderini çox da məyus etmədi, çünki o, şəxsi hesabda üstünlüyünü yenidən bir qədər artırdı. Monakodan sonra onun üstünlüyü cəmi bir xala enmişdi.

Üçüncü yeri Nikola Tsolov tutdu və bu nəticə onu da qane etdi. Çünki bir müddət əvvəl podiuma çıxacağına belə ümid etmirdi və Herta son dövrədə səhv etməsəydi, yalnız dördüncü ola bilərdi.

Sprint yarışından sonra Qabriyele Mini şəxsi hesabda liderliyini qoruyur. O, Nikola Tsolovu üç xal qabaqlayır. Noel Leon isə artıq bolqar sürücüdən 18 xal geri qalır. Bununla belə, sıralama çox sıxdır və böyük ehtimalla qüvvələr nisbəti sabahkı əsas yarışdan sonra yenidən dəyişəcək.

Rauf Hacıyev

Şərh əlavə et