Barselonada həftəsonunun son sərbəst yürüş sessiyası isti və günəşli hava şəraitində start götürüb. Sessiya öncəsi havanın temperaturu 32°C, trasın temperaturu isə 47°C olaraq qeydə alınıb.
Yaşıl işıqlar yandıqdan sonra trasa ilk çıxan pilotlar Cadillac komandasının sürücüləri Valtteri Bottas və Serxio Peres olublar. Bottas Soft tərkibli, Peres isə Medium tərkibli təkərlərlə dövrələr vurub.
Peres 9-cu döngədə bolidinin idarəetməsini qısa müddətlik itirsə də, çınqıl zonasına çıxmadan yoluna davam etməyi bacarıb.
Bir qədər sonra Audi pilotu Niko Hülkenberq də trasa çıxıb. İlk 15 dəqiqə başa çatdıqdan sonra isə digər pilotlar da dövrələrini vurmağa başlayıblar.
Sessiyanın yarısına çatarkən bütün pilotlar nəticə göstərib və həmin anda liderlik 1:16.258 nəticə ilə Corc Rassellə məxsus olub.
Bu vaxt Oskar Piastri radio vasitəsilə komandaya boliddə yol tutuşunun olmadığını bildirib: “Ümumiyyətlə ilişmə yoxdur. Sanki ön qanad qırılıb”.
Bir neçə dəqiqə sonra Valtteri Bottas trasdan kənara çıxıb və bolidi çınqıl zonasına ilişib. Nəticədə sessiya qırmızı bayraqlarla dayandırılıb.
Qısa fasilədən sonra yaşıl bayraqlar göstərilib və sessiya yenidən davam etdirilib. Pilotların əksəriyyəti bolidlərdə ön tərəfdən sürüşmə problemindən şikayətləniblər.
Sessiyanın son hissəsində Rassell nəticəsini daha da yaxşılaşdıraraq 1:15.679 göstəricisinə imza atıb və günü lider tamamlayıb.
Oskar Piastri ikinci, Şarl Lekler isə üçüncü yeri tutub. İlk beşliyi Lando Norris və Lyuis Həmilton tamamlayıblar.
Maks Ferstappen sessiyanı altıncı pillədə başa vurub. İlk onluqda həmçinin Kimi Antonelli, Ayzek Həcər, Niko Hülkenberq və Arvid Lindblad yer alıblar.




Şərh əlavə et