Xəbəri Kokpitdə Oxuyun!

Mercedes-in hüquqşunasları Monako məsələsinə baxırlar

Mercedes komandasının rəhbəri Toto Volf bildirib ki, FIA-nın Pyer Qaslinin Monako Qran Prisində aldığı cəzanı ləğv etməsindən sonra Corc Rassellin vəziyyəti ilə bağlı hansı addımların atıla biləcəyini qiymətləndirirlər.

Kokpit.az xatırladır ki, fransalı sürücü Monako Qran-prisində pit yolunda sürət limitini aşdığı iddiası ilə cəza alan beş pilotdan biri idi. Lakin yarışdan sonra sürət ölçmə sistemində texniki səhv olduğu üzə çıxıb.

Alpine komandası bazar günü gecə Qasliyə verilən iki beşsaniyəlik vaxt cəzası ilə bağlı yenidən baxılma müraciəti edib. Damalı bayrağı üçüncü yerdə görən fransalı pilot həmin cəzalar səbəbindən yekun sıralamada yeddinci pilləyə düşmüşdü.

Barselona Qran Prisi həftəsonunda keçirilən dinləmələrdən sonra FIA stüardları Qaslinin əslində sürət limitini aşmadığı qənaətinə gəlib və cəzaları ləğv edərək Alpine pilotunu yenidən üçüncü yerə yüksəldiblər.

Yenidən baxılma müraciəti edən yeganə komanda Alpine olub. Stüardlar qərarlarında qeyd ediblər ki, digər pilotların beşsaniyəlik cəzaları yarış zamanı icra olunduğundan, onların ləğv edilməsinə imkan verən hər hansı prosedur mövcud deyil.

Bu vəziyyət xüsusilə Mercedes pilotu Corc Rassell üçün ağır nəticələr doğurub.

Rassell ilk beşsaniyəlik cəzasını qaydalara uyğun şəkildə çəkmədiyi üçün sonradan əlavə keçid cəzası alıb. Bu cəza britaniyalı pilotu ilk onluqdan kənara salıb və komanda yoldaşı Kimi Antonelli ilə çempionatdakı xal fərqinin 68-ə çatmasına səbəb olub. Halbuki Rassell yarış ərzində podium uğrunda mübarizə aparırdı.

Qaslinin yenidən üçüncü yerə yüksəldilməsi və bunun Rassellin vəziyyətinə təsiri barədə suala cavab verən Toto Volf bildirib ki, komandanın hüquqşünasları məsələ üzərində işləyirlər.

Toto Volff:  “Corc üçün hansı imkanların olduğunu qiymətləndirmək məqsədilə hüquqşünaslarımızla telefon danışığı aparırdım. Qasli ilə bağlı qərarın Corcun vəziyyəti baxımından nə ifadə etdiyini hazırda araşdırırıq.

Əlbəttə ki, Qaslinin nəticəsinə etiraz etməyəcəyik. Lakin FIA-nın Corcun yarışı ilə bağlı hansı həll yollarının mümkün ola biləcəyinə baxmasını istərdik.

Düşünürəm ki, vaxt məhdudiyyətləri və bəzi hüquqi maneələr var. Amma narazı olmaq üçün tam əsaslarımız mövcuddur”.

Volf hesab edir ki, Monakoda yaşanan hadisələrdən vacib nəticələr çıxarılmalıdır: “Bu, çox uğursuz vəziyyət idi və hamımız bundan dərs götürə bilərik. Bazar günü birdən-birə 10 bolidin pit yolunda sürət limitini aşması mümkün görünmürdü. Kaş ki, bu müzakirələri yarışdan əvvəl apara biləydik”.

Mercedes-in Monako yarışının nəticəsini dəyişdirə bilməsi üçün real hüquqi yolunun olmadığı bildirilir. Rassellin yarış zamanı çəkdiyi vaxt cəzasını geri qaytarmaq mümkün deyil.

Komandanın nəzəri baxımdan ata biləcəyi yeganə addım Qaslinin yenidən baxılma müraciətinin nəticəsinə etiraz etmək idi. Bununla belə, McLaren və Red Bull FIA-ya qərardan apellyasiya şikayəti vermək niyyətində olduqlarını bildiriblər.

Qaydalara əsasən, komandalar stüardların qərarından sonra bir saat ərzində apellyasiya niyyətlərini bəyan edə bilirlər. Bu addım qərarın və FIA qaydalarının araşdırılması üçün 96 saatlıq müddət başladır və komandalara rəsmi apellyasiya prosesini davam etdirib-etdirməmək barədə qərar verməyə imkan yaradır.

Qaslinin yenidən üçüncü yerə yüksəldilməsindən təsirlənən iki komanda McLaren və Red Bull olub.

Red Bull pilotu Ayzek Hacar podiumdakı yerini itirərək dördüncü pilləyə geriləyib. McLaren pilotu Oskar Piastri isə dördüncü yerdən beşinci yerə düşüb.

Rauf Hacıyev

Şərh əlavə et