Milton-Kinsdə yerləşən RBPT bölməsi Ford ilə əməkdaşlıq çərçivəsində Red Bull Racing və Racing Bulls komandaları üçün güc qurğuları istehsal edir. DM01 bu bölmənin ilk mühərrik layihəsidir və FIA-nın onu çempionatın etalonu hesab etməsi paddokda təəccüb doğurub.
Lakin əsas problem başqa məsələdir. Əgər FIA-nın qiymətləndirməsi qüvvədə qalarsa, RBPT ADUO proqramı çərçivəsində mühərrik üzərində təkmilləşdirmələr aparmaq hüququ əldə etməyəcək. Bu isə Red Bull komandalarını rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətə sala bilər.
Red Bull daxilində FIA-nın nəticələri ilə razılaşmırlar. Komandada hesab edirlər ki, onların daxiliyanma mühərriyi Mercedes mühərriyindən geri qalır və bu fərq dövrə başına təxminən 0,2-0,3 saniyə itkiyə səbəb olur.
Şirkət hələlik rəsmi açıqlama verməsə də, The Race nəşrinin məlumatına görə, Red Bull FIA-dan istifadə olunan metodologiya və hesablamalar barədə ətraflı izahat almağa çalışır.
Federasiyanın qiymətləndirməsi bütün bolidlərdə quraşdırılmış xüsusi fırlanma anı sensorlarından əldə edilən məlumatlara əsaslanıb.
Hazırda FIA-nın nəticələrinin yekun olmadığı bildirilir. Federasiya yaxın günlərdə bütün məlumatları yenidən yoxlayaraq təhlili tamamlamalıdır. Buna baxmayaraq, Red Bull rəhbərliyi vaxt itirmədən danışıqlara başlayıb.
Məhəmməd bin Sulayem sosial şəbəkələrdə Oliver Mintslaffla görüşünü təsdiqləsə də, müzakirələrin detalları barədə məlumat verməyib: “FIA-nın Parisdəki qərargahında Oliver Mintslaffla çox məhsuldar görüş keçirdik. Federasiyanın himayəsi altında keçirilən çempionatlarda Red Bull-un böyük töhfəsini, xüsusilə Formula 1 və Dünya Ralli Çempionatındakı uzunmüddətli iştirakını müzakirə etdik”.
Mercedes komandasının rəhbəri Toto Volff isə FIA-nın qərarında siyasi motivlərin olmadığını düşünür: “Nikolas Tombazislə danışdıqda görürsünüz ki, məsələ yalnız ölçmələr və onların nəticələrinin hesablanması ilə bağlıdır. Burada nə siyasi motiv, nə də kiməsə üstünlük verilməsi var. Nəticələr sadəcə fırlanma anı sensorlarından əldə olunan məlumatların təhlilinə əsaslanır”.
Digər tərəfdən, Audi F1 layihəsinin rəhbəri Mattia Binotto hesab edir ki, belə qiymətləndirmələr zamanı yalnız mühərrik göstəricilərinə deyil, komandaların Mühəndislər Kubokundakı mövqelərinə də diqqət yetirilməlidir. Bu yanaşma güc qurğularının real rəqabət qabiliyyətini daha dəqiq əks etdirə bilər.




Şərh əlavə et