Səhər saatlarında Barselonada hava günəşli və quru olub. Start anında havanın temperaturu +26°C, asfaltın temperaturu isə +37°C təşkil edib.
Qızdırma dövrəsinə səkkizinci yerdən start almalı olan Taito Kato çıxa bilməyib. Marşallar onun bolidini operativ şəkildə pit yoluna aparıblar. İsidici dövrənin sonunda isə Mattia Kolnagi texniki problem səbəbindən pit-leynə dönüb.
Startda Jerar Si Ceyms Uortonun hücumlarına baxmayaraq liderliyini qoruyub. Bu vaxt Freddi Sleyter 5-ci döngədə Uortonu keçərək ikinci yerə yüksəlib. Arxada altıncı yer uğrunda mübarizədə Bruno del Pino Ernesto Riveranı geridə qoyub.
21 dövrəlik yarışın üçüncü dövrəsində Uorton ilk döngədə Sleyteri keçərək ikinci mövqeyini geri qaytarıb. Həmin anda Si pelotondan 1,5 saniyə uzaqlaşmışdı.
Üçüncü dövrənin sonunda Xose Qarfias trasdan çıxaraq dayanıb, lakin sonradan hərəkəti davam etdirə bilib. Pit-leyndən start alan Kolnagi isə yenidən boksa qayıdıb.
Uorton sürətlə liderə yaxınlaşıb, ən sürətli dövrəni vurub və beşinci dövrədə ilk döngədə uğurlu hücumla yarışın liderliyini ələ keçirib.
Dövrənin sonunda Riveranın bolidi sürət itirib və Campos sürücüsü yarışı dayandırıb. Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi tətbiq olunub. Bundan əvvəl isə Sleyter ikinci yer uğrunda mübarizədə Sini keçməyə nail olub.
Riveranın bolidinin trasdan çıxarılması gözlənildiyindən çətin olub və doqquzuncu dövrənin əvvəlində Təhlükəsizlik Maşını trasa çıxıb.
Yarış 11-ci dövrədə yenidən başlayıb. Lider qrupunda mövqelər dəyişməsə də, Sleyter lider Uortona ciddi təzyiq göstərib.
13-cü dövrədə çempionatın lideri Uqo Uqoçukvu altıncı yer uğrunda Entso Delinyi ilə mübarizə zamanı üçüncü döngədə bolidinə nəzarəti itirib, trasdan çıxaraq çınqıllıqda qalıb. Bunun ardınca Təhlükəsizlik Maşını ikinci dəfə trasa çıxıb.
Restart 17-ci dövrədə verilib. İlk onluqda yalnız Luis Şarp doqquzuncu yer uğrunda mübarizədə Brando Badoeri keçib. Badoer əvvəllər Riveranı trasdan kənara sıxdığı üçün 10 saniyəlik cəza almışdı.
Arxada isə Matteo de Palo Pedro Klero ilə təmasdan sonra trasdan çıxsa da, mübarizəni davam etdirə bilib. Nikola Lakorte isə falstarta görə 5 saniyəlik cəza alıb.
Son dövrədə Jerar Si ilk döngədə Sleyteri keçməyə cəhd göstərsə da, az qala üçüncü yeri Tuukka Taponenə uduzacaqdı.
Öndə isə Ceyms Uorton qələbəsini əldən verməyərək finişə birinci çatıb. Bununla da o, Prema komandasına 2024-cü il Monako mərhələsindən sonra Formula 3-də ilk qələbəsini qazandırıb.
Avstraliyalı sürücü üçün bu, karyerasının ikinci Formula 3 qələbəsi olub. Birinci yer və ən sürətli dövrəyə görə qazandığı xallar isə onun cari mövsümdə ilk xalları olub.
İkinci yeri tutan Freddi Sleyter xalların sayına görə çempionat lideri Uqo Uqoçukvuya çatıb. Jerar Si isə Monakodakı sprint qələbəsindən sonra mövsümdə ikinci dəfə podiuma yüksəlib.
| Yer | Sürücü | Komanda | Dövrə |
|---|---|---|---|
| 1. | D.Uorton | Prema Racing | 21 |
| 2. | F.Sleyter | Trident | 21 |
| 3. | C.Si | DAMS Lucas Oil | 21 |
| 4. | T.Taponen | MP Motorsport | 21 |
| 5. | E.Delinyi | Van Amersfoort Racing | 21 |
| 6. | B.del Pino | Van Amersfoort Racing | 21 |
| 7. | H.Yamakoşi | Van Amersfoort Racing | 21 |
| 8. | T.Nael | Campos Racing | 21 |
| 9. | L.Şarp | Prema Racing | 21 |
| 10. | N.Stromsted | Trident | 21 |
| 11. | A.Custi | MP Motorsport | 21 |
| 12. | M.Qladış | ART Grand Prix | 21 |
| 13. | P.Klero | Rodin Motorsport | 21 |
| 14. | K.Li | ART Grand Prix | 21 |
| 15. | T.Kato | ART Grand Prix | 21 |
| 16. | N.Lakorte | DAMS Lucas Oil | 21 |
| 17. | F.Barrikello | AIX Racing | 21 |
| 18. | D.Nakamura | Hitech | 21 |
| 19. | E.Devid | AIX Racing | 21 |
| 20. | B.Badoer | Rodin Motorsport | 21 |
| 21. | F.Maklaflin | Hitech | 21 |
| 22. | U.Şin | Hitech | 21 |
| 23. | R.Eskotto | AIX Racing | 21 |
| 24. | M.de Palo | Trident | 21 |
| 25. | K.Ho | Rodin Motorsport | 21 |
| 26. | N.Bhirombhakdi | DAMS Lucas Oil | 21 |
| 27. | H.Qarfias | Prema Racing | 21 |
| – | U.Uqoçukvu | Campos Racing | 12 |
| – | E.Rivera | Campos Racing | 04 |
| – | M.Kolnaqi | MP Motorsport | 03 |




Şərh əlavə et