McLaren
Çempion komanda yalnız bir yenilik təqdim edib. MCL40-da tamamilə yeni ön qanad olmasa da, ön qanadın yan lövhələri (endplate) fərqli konfiqurasiyada hazırlanıb.
Komandanın açıqlamasına görə, ön qanadın yan lövhələri yenidən işlənib və bunun nəticəsində hava axınının xüsusiyyətləri yaxşılaşdırılaraq ümumi aerodinamik səmərəlilik artırılıb.
Mercedes
Çempionatın liderləri də cəmi bir yenilik gətiriblər və bu yenilik arxa qanada aiddir. Arxa qanadın mərkəzi hissəsində əlavə kiçik qanadcıqlar quraşdırılıb.
Bu elementlər aerodinamikanın daha səmərəli işləməsinə kömək edir. Barselona kimi traslarda düzgün aerodinamik sazlanma xüsusi əhəmiyyət daşıyır.
Red Bull Racing
Maks Ferstappen və Ayzek Hacarın bolidlərində ön qanad yenilənib.
Birincisi, qanad elementlərinin yan lövhələrlə birləşdiyi hissədə geometriya dəyişdirilib. Məqsəd hava axınının sabitliyini qoruyaraq lokal aerodinamik yüklənməni artırmaqdır.
İkincisi, aktiv aerodinamika sisteminin yenilənmiş elementləri hazırlanıb. Bu hissələrin profili dəyişdirilərək daha geniş edilib ki, daha çox asfaltayatma qüvvəsi yaransın. Komandanın bildirdiyinə görə, lazım gəldikdə ön hissədə əlavə aerodinamik yüklənmə əldə etmək üçün bu həll tətbiq olunacaq.
Ferrari
İtaliya komandası səkkiz yenilik təqdim edib.
Əsas dəyişikliklər ön qanad və burun hissəsinə aiddir. SF-26-da yan lövhələrin, xüsusilə də onların aşağı hissəsinin geometriyası dəyişdirilib. Bu yeniliklər aerodinamik yüklənmənin daha balanslı paylanmasına xidmət edir.
Aktiv aerodinamika sisteminin, yəni düzlüklərdə istifadə olunan Straight Mode (SM) rejimini aktivləşdirən mexanizm də yenilənib.
Bunun nəticəsində burun hissəsinin aşağı səthi bir qədər yuxarı qaldırılıb.
Sonrakı dörd yenilik bolidin altlıq hissəsinə aiddir. Ön hissənin profili dəyişdirilib, həm üfüqi, həm də şaquli elementlər optimallaşdırılıb. Arxa hissədə, xüsusilə diffuzorun yan divarlarının profili yenidən işlənib.
Bu dəyişikliklər bütün sazlanma diapazonunda asfaltayatma qüvvəsini artırmağa və şassinin arxa hissəsi ətrafındakı hava axınını yaxşılaşdırmağa yönəlib.
Eyni məqsədlə yan pontonlar və mühərrik örtüyü də yenilənib. Onların geometriyası yeni altlıq konstruksiyasına uyğunlaşdırılıb.
Williams
FW-48-in arxa qanadında SM sisteminin elementlərini örtən hissələr yenilənib və əlavə qanadcıqlar quraşdırılıb.
Bu dəyişikliklər Barselona kimi yüksək asfaltayatma qüvvəsi tələb edən traslarda daha çox aerodinamik yüklənmə yaratmağa imkan verir.
Komanda həmçinin bildirib ki, arxa qanadın üçüncü elementi bəzi hissələrdə daha geniş hazırlanıb ki, bu da yerəbasma qüvvəsini artırır.
Racing Bulls
VCARB 03-ün ön qanadına əlavə Gurney flap elementləri quraşdırılıb.
Bu yenilik əlavə asfaltayatma qüvvəsi yaratmağa xidmət edir. Faensa təmsilçilərinin sözlərinə görə, bu həll bolidin daha geniş sazlanma diapazonunda balanslı işləməsini təmin edir.
Bundan başqa, toqquşma zamanı enerjini udan arxa təhlükəsizlik strukturunun profili dəyişdirilib ki, bu da bolidin arxa hissəsində hava axınının daha yaxşı idarə olunmasına kömək edir.
Haas
Amerika komandası da arxa təhlükəsizlik strukturunun geometriyasını dəyişib.
Bu yenilik Barselona trasının tələb etdiyi sazlanma parametrlərinə çatmaq məqsədi daşıyır.
Cadillac
Yan pontonların arxa hissəsinə yaxın yerdə soyutma sisteminin əlavə çıxış dəlikləri açılıb.
Arxa qanadda isə SM (Düzlük Rejimi) sisteminin aktivləşdirmə mexanizmi üçün yeni örtük elementləri quraşdırılıb.
Yenilik gətirməyən komandalar
Aston Martin, Audi və Alpine Barselonaya heç bir texniki yenilik gətirmədiklərini açıqlayıblar.




Şərh əlavə et