Xəbəri Kokpitdə Oxuyun!

Barselona GP: Norris günün ən sürətlisidir

2026-cı il İspaniya Qran Prisinin ikinci sərbəst yürüş sessiyasında ən sürətli dövrəni vuran pilot Lando Norris olub.

İspaniya Qran Prisi həftəsonunun ikinci sərbəst yürüş sessiyası öncəsi havanın temperaturu 28°C, trasın temperaturu isə 48°C olaraq ölçülüb.

Yaşıl işıqların yanması ilə bolidlər trasa çıxıblar və ikinci sərbəst yürüş sessiyası başlayıb.

Bir neçə dövrə ərzində təkərlərini hazırladıqdan sonra sürətli dövrəsinə başlayan Lyuis Həmilton 1:17.996 nəticə göstərib. Həmiltondan sonra dövrəsini tamamlayan Maks Ferstappen isə 1:16.452 nəticə ilə liderliyə yüksəlib.

Lando Norris ilk cəhdində 1:16.867 nəticə göstərərək üçüncü pillədə qərarlaşıb. Onun ardınca komanda yoldaşı Oskar Piastri sürətli dövrəsinə başlayıb və 1:15.724 nəticə ilə sessiyanın lideri olub.

Sessiyanın ilk 10 dəqiqəsi tamamlanarkən Ferstappen 1:17.907-lik dövrəsini başa vurub və əvvəlki nəticəsini yaxşılaşdıra bilməyib.

Birinci sərbəst yürüş sessiyasını lider tamamlayan Corc Rassell isə 1:15.945 nəticə göstərərək ikinci yerə yüksəlib.

Sessiyanın 15-ci dəqiqəsində Liam Louson bolidini pit çıxışından bir qədər irəlidə saxlayıb. Qısa müddət sonra problemin ötürmələr qutusu ilə bağlı ola biləcəyi bildirilib. Lousonun trasda qalması səbəbindən sarı bayraqlar göstərilib və bolid trasdan götürülüb.

Sarı bayraqlardan sonra sürətli dövrəsini tamamlayan Kimi Antonelli 1:16.946 nəticə ilə altıncı yerə yüksəlib. Maks Ferstappen isə 1:16.321-lik dövrə ilə üçüncü pillədə qərarlaşıb. Williams  komandasının pilotu Karlos Sayns 1:17.020 nəticə ilə səkkizinci yerə yüksəlib.

Sessiyanın ilk yarısı geridə qalarkən Piastri 1:15.724-lük nəticə ilə liderliyini qoruyub. Rassell ikinci, Ferstappen isə üçüncü yerdə olub.

Sonrakı dəqiqələrdə Şarl Lekler 1:15.799 nəticə ilə ikinci yerə yüksəlib. Lakin Rassell buna 1:14.435-lik dövrə ilə cavab verərək yenidən liderliyə yüksəlib. Oskar Piastri 1:15.483 nəticə ilə ikinci yerə çıxsa da, komanda yoldaşı Norris 1:15.426-lıq dövrə ilə Rasselli geridə qoyaraq birinci yerə yüksəlib.

Sessiyanın bitməsinə təxminən 20 dəqiqə qalmış Valtteri Bottas trasa çıxıb və Aleks Elbonla Serxio Peresi geridə qoyaraq 18-ci yerə yüksəlib.

Həmilton radio vasitəsilə komandaya belə məlumat verib: “Bolidin arxa hissəsində problem varmış kimi hiss edirəm. Düzlüklərdə daha çox sürtünmə hiss olunur.”

Komanda isə buna belə cavab verib: “Bu, küləyin güclənməsi və ya istiqamət dəyişməsi ilə bağlı ola bilər.”

Sessiyanın başa çatmasına 15 dəqiqə qalmış Hard təkərlərlə trasda olan Ferstappen radio vasitəsilə hissiyatın yaxşı olmadığını bildirib və sessiya bitməzdən əvvəl başqa təkər tərkibini sınamaq istədiyini deyib.

Son 10 dəqiqəyə daxil olarkən Ayzek Həcər 3-cü döngədə Serxio Pereslə toqquşmaq təhlükəsi yaşayıb. Peres qəfil Həcərin trayektoriyasına keçib və gənc pilot bolidi yönləndirərək insidentdən yayına bilib.

Hadisədən sonra Həcər radio ilə belə deyib: “Bunu niyə etdiyini başa düşmürəm. Güzgüdə məni görüb-görmədiyini bilmirəm”.

Sessiyanın sonlarına yaxın Antonelli döngədən çıxarkən bir qədər trasdan kənara çıxıb və komandaya belə məlumat verib: “Əyləc pedalı özünü dəhşətli hiss etdirir”.

Sessiyanın qalan hissəsində heç bir pilot nəticəsini yaxşılaşdıra bilməyib. Əvəzində sürücülər bolid sazlamaları və yarış tempinə fokuslanaraq məlumat toplamağa üstünlük veriblər.

Beləliklə, Lando Norris 1:15.426 nəticə ilə sessiyanı lider tamamlayıb. Corc Rassell liderdən cəmi 0,009 saniyə geri qalaraq ikinci, Oskar Piastri isə üçüncü yeri tutub.

Sıra Pilot Komanda Vaxt Fərq Dövrə
1 L.Norris McLaren 1:15.426 30
2 D.Rassell Mercedes 1:15.435 +0.009 28
3 O.Piastri McLaren 1:15.483 +0.057 24
4 Ş.Lekler Ferrari 1:15.799 +0.373 29
5 K.Antonelli Mercedes 1:16.015 +0.589 31
6 M.Ferstappen Red Bull 1:16.321 +0.895 33
7 A.Lindblad Racing Bulls 1:16.411 +0.985 29
8 G.Bortoleto Audi 1:16.611 +1.185 27
9 L.Həmilton Ferrari 1:16.631 +1.205 28
10 A.Hadjar Red Bull 1:16.674 +1.248 30
11 N.Hülkenberq Audi 1:16.934 +1.508 31
12 O.Birman Haas 1:16.945 +1.519 31
13 L.Louson Racing Bulls 1:16.967 +1.541 8
14 K.Sayns Williams 1:17.020 +1.594 29
15 F.Kolapinto Alpine 1:17.051 +1.625 30
16 P.Qasli Alpine 1:17.260 +1.834 29
17 E.Okon Haas 1:17.538 +2.112 29
18 V.Bottas Cadillac 1:18.225 +2.799 6
19 A.Elbon Williams 1:18.790 +3.364 29
20 S.Peres Cadillac 1:19.261 +3.835 34
21 F.Alonso Aston Martin 1:19.286 +3.860 21
22 L.Stroll Aston Martin 1:19.459 +4.033 20

Rauf Hacıyev

Şərh əlavə et