Xəbəri Kokpitdə Oxuyun!

Barselona F2: Kamaradan növbəti poul!

Barselonadakı sessiyaların əsas xüsusiyyəti ondan ibarətdir ki, bütün sürücülər, o cümlədən Formula 2 iştirakçıları bu trası çox yaxşı tanıyırlar və yüksək sürət tempinə çatmaq üçün uzun müddət uyğunlaşmağa ehtiyac duymurlar.

Lakin sıralanma turunda ilk ciddi nəticəni gənc seriyanın debütantlarından olan Kolton Herta göstərib. Mövsümün əvvəlindən işləri istədiyi kimi getməyən amerikalı sürücü üçün Formula 1-də Cadillac ilə keçirdiyi ilk sərbəst yürüş sessiyası faydalı olub. Hitech komandasının Dallara bolidinə əyləşən Herta dərhal sürətli temp nümayiş etdirib.

Sessiyanın əvvəlində vurduğu 1:25.387 nəticəsi uzun müddət lider olaraq qalıb və heç kim onu keçə bilməyib. Görünür, sürücülər öz potensiallarını erkən mərhələdə göstərməyə tələsməyiblər. Sessiyanın ortalarına yaxın Monako yarışının qalibi Nikola Tsolov yarım saniyə daha sürətli dövrə vurub. Ardınca Rafael Kamara nəticəni daha 0,4 saniyə yaxşılaşdıraraq 1:24.810 göstəricisi ilə liderliyə yüksəlib.

Sıralanma turunun üçdə ikisi geridə qaldıqdan sonra sürücülər yeni Soft təkərlər üçün boksa dönərək son on dəqiqədə poul uğrunda mübarizəni davam etdirməyə hazırlaşıblar. Bu vaxt çempionatın lideri Qabriel Mini diqqət çəkmirdi. Onun doqquzuncu nəticəsi Kamaradan 0.8 saniyədən çox geri qalırdı və italyan sürücünün sessiyanın sonunda sürətini artıracağı gözlənilirdi.

Sessiyanın bitməsinə təxminən altı dəqiqə qalmış sürücülər yenidən trasa çıxıblar. Həqiqətən də Qabriel Mini, Aleks Dann, Coşua Dürksen və Rafael Villaqomes sürətlərini artıraraq ilk beşliyə yüksəliblər. Lakin heç biri Kamaranın vaxtını keçə bilməyib.

Sessiyanın bitməsinə 3 dəqiqə 41 saniyə qalmış Ritomo Miyatanın son döngədə qəza etməsi səbəbindən qırmızı bayraqlar göstərilib. Hitech sürücüsünün bolidi ciddi zədələnib və marşallar həm maşının təxliyəsi, həm də baryerlərin bərpası ilə məşğul olublar. Xoşbəxtlikdən yapon sürücü xəsarət almayıb.

Sürücülər və komandalar pit-leynə qayıdaraq sessiyanın bərpasını gözləyiblər. Bu vaxt stüardlar müxtəlif insidentləri araşdırır və mümkün cəzaları nəzərdən keçirirdilər.

Yerli vaxtla saat 16:30-da yaşıl işıq yandırılıb və sürücülər yenidən trasa çıxıblar. Xüsusilə nəticəsini yaxşılaşdırmaq istəyənlər buna tələsib. Həmin anda artıq səkkizinci yerə düşmüş Kolton Herta da onların arasında olub, lakin mövqeyini yaxşılaşdıra bilməyib.

Rafael Kamara isə ümumiyyətlə sessiyanı davam etdirməyib. İlk beşlikdə qərarlaşan digər sürücülər kimi o da nəticəsinin qorunacağına inanıb. Bu qərar özünü doğruldub.

Beləliklə, Monakoda olduğu kimi, poul mövqeyi və buna görə verilən iki bonus xal Invicta Racing sürücüsü Rafael Kamaraya qismət olub. Braziliyalı pilot hazırda çempionatda yeddinci pillədə qərarlaşıb.

Bazar günü keçiriləcək əsas yarışa Coşua Dürksen ikinci yerdən başlayacaq. İkinci sırada Aleks Dann və Qabriel Mini, üçüncü sırada isə Rafael Villaqomes və Nikola Tsolov yer alacaqlar.

Kolton Hertanın səkkizinci yeri isə onun Formula 2 karyerasındakı ən yaxşı sıralanma nəticəsi olub.

Şənbə günü keçiriləcək sprint yarışına isə poul mövqeyindən Campos Racing sürücüsü Noel Leon start verəcək. Meksikalı pilot Monakodakı sprint yarışını da məhz poul mövqeyindən başlayaraq qazanmışdı. Barselonada ötmə etmək Monakodakı qədər çətin olmasa da, burada da rəqibləri geridə saxlamaq asan deyil. Sprint yarışının necə keçəcəyini isə çox gözləməyə ehtiyac qalmayıb.

Yer Sürücü Komanda Vaxt Fərq Dövrə
1. R.Kamara Invicta Racing 1:24.810 07
2. D.Dürksen Invicta Racing 1:24.945 +0.135 09
3. A.Dann Rodin Motorsport 1:25.035 +0.225 08
4. G.Mini MP Motorsport 1:25.144 +0.334 08
5. R.Villagomes Van Amersfoort Racing 1:25.183 +0.373 09
6. N.Tsolov Campos Racing 1:25.222 +0.412 06
7. N.Varrone Van Amersfoort Racing 1:25.237 +0.427 09
8. K.Herta Hitech 1:25.240 +0.430 10
9. K.Maini ART Grand Prix 1:25.264 +0.454 08
10. N.Leon Campos Racing 1:25.265 +0.455 09
11. T.İntrafuvasak ART Grand Prix 1:25.408 +0.598 09
12. D.Beqanoviç DAMS 1:25.418 +0.608 11
13. R.Miata Hitech 1:25.443 +0.633 07
14. L.van Hupen Trident 1:25.521 +0.711 08
15. O.Göte MP Motorsport 1:25.385 +0.575 11
16. M.Stenshorn Rodin Motorsport 1:25.574 +0.764 10
17. R.Bilinski DAMS 1:25.576 +0.766 10
18. E.Fittipaldi AIX Racing 1:25.664 +0.854 09
19. D.Bennett Trident 1:25.736 +0.926 08
20. S.Montoya Prema Racing 1:25.879 +1.069 08
21. M.Boya Prema Racing 1:26.015 +1.205 08
22. K.Shields AIX Racing 1:26.248 +1.438 11

Rauf Hacıyev

Şərh əlavə et