Xəbəri Kokpitdə Oxuyun!

F1-də tarixi qərar: Qaslinin podiumu geri qaytarılıb

FIA Stüardlar Kollegiyası Alpine komandasının Monako Qran Prisinin nəticələri ilə bağlı etirazını haqlı hesab edərək tarixi qərar qəbul edib. Nəticədə Pyer Qasli üçüncü pilləyə yüksələrək podiumun son pilləsinin sahibi olub.

Monako küçələrində keçirilən çətin yarışı tras üzərində üçüncü yerdə başa vuran Pyer Qasli yarış zamanı pit yolunda sürət həddini aşdığı iddiası ilə iki dəfə beş saniyəlik vaxt cəzası almışdı.

Qasli ilə yanaşı daha beş pilotun eyni cəzaya məruz qalması paddokda təəccüb doğurub. Yarışın dərhal ardından Alpine komandası əlindəki telemetriya məlumatları ilə FIA-ya müraciət edib.

Fransa təmsilçisi Qaslinin pit yolundakı 60 km/saat sürət limitini heç bir nöqtədə aşmadığını, əksinə, limitdən aşağı qalmaq üçün əlavə ehtiyat saxladığını sübut edən konkret məlumatlar təqdim edərək qərarın yenidən nəzərdən keçirilməsini tələb edib.

Cümə axşamı keçirilən rəsmi dinləmədə Formula 1-in vaxt ölçmələrinə cavabdeh olan FOM ciddi texniki səhvə yol verdiyini etiraf etmək məcburiyyətində qalıb. Araşdırmalar nəticəsində sürət ölçmələrinin aparıldığı pit yolundakı məsafənin hesablanmasında böyük yanlışlığın olduğu üzə çıxıb.

Altı pilotun sürət həddini aşdığı müəyyən edilən pit girişindəki ölçmə nöqtəsinin normadan düz 77 santimetr qısa təyin olunduğu məlum olub. Bu uyğunsuzluq səbəbindən sistem pilotların orta sürətini reallıqdan daha yüksək hesablayaraq hesabatlara daxil edib.

Texniki səhv təsdiqləndikdən sonra FIA stüardları Pyer Qasliyə verilən bütün cəzaları ləğv edib və fransalı pilotu Monako Qran-prisinin yekun nəticələrində üçüncü pilləyə yüksəldib. Bununla da Qaslinin cəzasından sonra üçüncü yerə yüksəlmiş Red Bull pilotu Ayzek Həcər podiumu itirərək dördüncü yerə geriləyib.

Digər tərəfdən, eyni sistem xətası səbəbindən haqsız yerə cəza alan digər beş pilot üçün vəziyyət daha mürəkkəb olub. Həmin pilotlar cəzalarını yarış zamanı çəkdikləri və ya yarışdan sonrakı nəticələrinə əlavə olunduğu üçün, həmçinin komandaları Alpine kimi rəsmi şəkildə yenidən baxılma müraciəti etmədiyindən, mövcud qaydalara əsasən bu cəzaların ləğvi mümkün olmayıb.

FIA stüardları dərc etdikləri əsaslandırılmış qərarda vəziyyətə belə münasibət bildiriblər: “Stüardlar kollegiyası olaraq qeyd edirik ki, cəza alan digər bolidlərdən bəziləri bu cəzanı yarış ərzində çəkib və bu, təəssüf ki, onların yarış strategiyasına, dolayısı ilə yekun nəticələrinə birbaşa təsir göstərib.

Lakin qaydalara əsasən, stüardların artıq çəkilmiş və ya icra edilmiş cəzanı geri almaq və ya etibarsız saymaq səlahiyyəti yoxdur”.

Rauf Hacıyev

Şərh əlavə et