Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Ən güclü motor Mercedes-dədir

Barselona-Kataloniya Qran Prisi həftəsonunun paddokunda ən çox müzakirə olunan mövzulardan biri FIA-nın ADUO proqramı çərçivəsində Red Bull-un güc qurğusunu etalon kimi qiymətləndirməsi olub.

Cümə axşamı keçirilən mətbuat konfransında Mercedes sürücüsü Kimi Antonelli FIA-nın bu nəticəsindən təəccübləndiyini bildirib, çünki onun fikrincə ən güclü mühərrik Mercedes-ə məxsusdur.

Kimi Antonelli: “Düzünü desəm, bu qərarın bütün detalları mənə məlum deyil, çünki belə proseslərdə iştirak etmirəm. Ona görə də bu sualı daha çox komandaya və ya FIA-ya ünvanlamaq lazımdır. Maraqlıdır ki, onlar hansı məlumatlara əsaslanaraq bu nəticəyə gəliblər.

Əlbəttə, təəccübləndim, çünki bizim güc qurğusunun çox güclü olduğunu düşünürəm. Amma görünür, FIA-nın belə nəticəyə gəlməsi üçün öz əsasları olub.

İndi komandamız işini davam etdirməli və əlavə sürəti haradan tapmağın mümkün olduğunu müəyyənləşdirməlidir. Bu, yaxın həftələrin deyil, uzunmüddətli prosesin bir hissəsidir. Belə sahələrdə irəliləyiş əldə etmək həmişə çətin olur və vaxt tələb edir.

Komandamız güc qurğusu üzərində artıq çox yaxşı iş görüb. Əminəm ki, indi əlavə imkan yarandığı üçün hər kəs daha böyük sürət əldə etmək üçün maksimum səy göstərəcək”.

Barselonadakı perspektivləri barədə danışan çempionatın lideri əlavə edib: “Maraqlı həftəsonu olmalıdır. Barselonada nəhayət Kanadada təqdim etdiyimiz yeniliklərin effektivliyini daha yaxşı qiymətləndirə biləcəyik.

Kanadada bunu obyektiv şəkildə etmək çətin idi, çünki yarış qeyri-adi və sərin hava şəraitində keçirilirdi. Monako isə öz növbəsində tamamilə fərqli və unikal trasdır.

Barselona belə qiymətləndirmələr üçün daha uyğundur. Bu klassik trasdır və burada yeniliklərin necə işlədiyini, dövrə vaxtına nə qədər təsir etdiyini daha dəqiq anlaya biləcəyik.

Rəqabət hələ də çox yüksəkdir. Red Bull Monakoda çox güclü görünürdü. Ferrari bu mərhələyə yeniliklər gətirib və onların da ön sıralarda olacağını gözləyirik. Bundan başqa, McLaren də çox ciddi rəqib təsiri bağışlayır.

Düşünürəm ki, bu komanda xüsusilə Barselonada güclü olacaq. Çünki burada bolid və təkərlər yüksək yüklənməyə məruz qalır, üstəlik isti hava gözlənilir. Bu baxımdan şərait bir qədər Mayamini xatırladır, orada isə onlar çox sürətli idilər. Buna görə də asan həftəsonu gözləmirik, ancaq əlimizdən gələni etməyə hazırıq”.

Rauf Hacıyev

Şərh əlavə et