Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler yeni əyləclərə keçir

Monakoda yarışdan çıxmasına səbəb kimi əyləc problemlərini göstərən Şarl Leklerin bolidindəki Brembo əyləcləri ilə bağlı məsələ yeni mərhələyə keçib. Əvvəlcə Brembo rəsmi bəyanat yayaraq sürücünün açıqlamalarını bəyənmədiyini bildirmişdi.

İndi isə Barselonada keçirilən mətbuat konfransında Ferrari sürücüsü bu həftəsonu komanda yoldaşı Lyuis Həmiltonun bolidində artıq istifadə olunan Carbon Industrie istehsalı əyləc komponentlərini sınaqdan keçirəcəyini açıqlayıb.

Şarl Lekler:  “Əyləc sisteminin konfiqurasiyasında müəyyən dəyişikliklər edəcəyik. Bunun maşının davranışına nə qədər təsir göstərəcəyini demək çətindir. Əvvəlcə hər şeyi trasda sınaqdan keçirməliyik.

İnqilabi dəyişikliklər gözləmirəm, amma bəzi hallarda maşını idarə etməyin daha asan olacağını düşünürəm. Ümumilikdə mənə lazım olan əsas şey stabillikdir. Maşının davranışında sabitlik əldə etmək istəyirəm.

Bir müddət əvvəl komanda ilə fərqli əyləc konfiqurasiyaları üzərində işləmək qərarına gəlmişdik. Son iki yarış həftəsonunda isə gözlədiyimdən daha çox çətinlik yaşadım. İndi isə Lyuisin seçdiyi istiqamətdə hərəkət edəcəyik.

Bu həftəsonu üçün çoxlu yeniliklər hazırlamışıq. Komanda yeni həllər və yeniləmələr üzərində böyük iş görüb. Əminəm ki, onlar bizə sürət qazandıracaq və mən həm bu yenilikləri, həm də əvvəllər danışdığım digər dəyişiklikləri trasda sınamaq üçün səbirsizlənirəm.

Mənim üçün ilk sərbəst yürüş sessiyası xüsusilə vacib olacaq. Bütün yeniliklərin necə işlədiyini başa düşmək, sükan arxasında özümə inam qazanmaq və sıralanma turuna qədər maşının potensialını maksimum dərəcədə ortaya çıxarmaq üçün əlimdən gələni etmək lazımdır”.

Rauf Hacıyev

Şərh əlavə et