Buna görə də FIA-nın cümə axşamı keçirilən mətbuat konfransında Fernando Alonso etiraf edib ki, bu, onun Barselonada son Formula 1 yarışı ola bilər.
Fernando Alonso: “Məni xüsusi bir həftəsonu gözləyir. Böyük ehtimalla, bu, Formula 1-də Barselonadakı son yarışım olacaq. Buna görə də bütün azarkeşlərə dəstəklərinə görə təşəkkür etmək istəyirəm.
Bu mərhələdən həzz almağa çalışacağam. Sıralanma turunda rəqabətədavamlı olacağımızı düşünmürəm, ona görə də çıxışımın çox uğurlu alınması çətin görünür. Ümid edirəm ki, yarışda vəziyyət daha yaxşı olacaq. Əlbəttə, hamımızın olmaq istədiyi səviyyədə deyilik, ancaq yenə də azarkeşlərin bu həftəsonundan zövq almasını istəyirəm”.
Monakoda mövsümdə ilk xalını qazanmasını şərh edən Alonso əlavə edib: “Düşünmürəm ki, keçən həftəsonu nəticəyə əsas təsir edən bizim öz performansımız olub. Bir xal müxtəlif hadisələr – cəzalar, yarışdançıxmalar və digər amillər sayəsində qazanılıb. Amma həqiqəti gizlətmək olmaz: hətta Monakoda belə sürətimiz çatmırdı. Təmiz tempə baxsaq, yəqin ki, həmin onuncu yerə layiq deyildik.
Düşünürəm ki, bu il istənilən komanda üçün müntəzəm xal qazanmaq çox çətin olacaq. Aparıcı dörd komanda yarış gözlənilməz hadisələrsiz keçərsə, demək olar ki, həmişə ilk səkkiz yeri tutur. Belə halda yalnız doqquzuncu və onuncu yerlər qalır.
Üstəlik, Alpine sürət baxımından beşinci ən güclü komanda ola bilər. Buna görə də əvvəllər dediyim kimi, xal qazanmaq üçün müəyyən hadisələrin köməyi lazımdır. Monakoda isə belə kömək həmişəkindən də çox oldu.
Motivasiyama gəlincə, mənim üçün heç nə dəyişməyib. Bu idmanın necə işlədiyini və Formula 1-in necə olduğunu çox yaxşı bilirəm. Nəticə qazanmaq üçün düzgün maşın lazımdır və komandanın vəzifəsi onu mümkün qədər tez lazımi səviyyəyə çatdırmaqdır.
Biz dəfələrlə görmüşük ki, sürücü bir mövsüm ilk onluqdan kənarda mübarizə aparır, növbəti il isə yarışlar qazanır. Yaxud əksinə, əvvəl qalib gəlir, sonra isə sıralanma turunun ilk sessiyasından belə keçə bilmir.
Motivasiyam itməyib, çünki özümə inanıram və bacarıqlarıma tam əminəm. Karyeram boyu Formula 1-də və digər seriyalarda rəqiblərlə eyni texnikaya sahib olduğum vaxtlarda heç vaxt özümü zəif hiss etməmişəm. Müxtəlif maşınlarla çıxış etmişəm və həmişə eyni hissləri yaşamışam. İndi də vəziyyət dəyişməyib.
Bundan əlavə, komandaya da inanıram. Əlbəttə, yeni texniki reqlament dövrünə geridə başlamaq ideal vəziyyət deyil, çünki hər şey vaxt tələb edir. Xüsusilə bizim halda çox tez anladıq ki, güc qurğumuz rəqiblərdən geri qalır və layihə kifayət qədər hazır deyil. Buna görə də fərqi azaltmaq və problemləri həll etmək üçün zamana ehtiyacımız olacağı aydın idi.
Amma Formula 1-də yarışlar hər iki həftədən bir keçirilir və hər iki həftədən bir səndən nəticə gözlənilir. Biz çox tez başa düşdük ki, bu gözləntilərə dərhal cavab verə bilməyəcəyik. Ona görə də mövsümün başlanğıcının çətin keçəcəyi məlum idi və elə də oldu.
Hazırda sadəcə bu mürəkkəb dövrdən keçirik və mövsümün ikinci yarısına böyük ümidlər bəsləyirik. Lakin həmin vaxta qədər demək olar ki, hər həftəsonu eyni ssenari ilə keçəcək”.




Şərh əlavə et