Şanxayda keçirilən yarış həftəsonunda BYD rəhbərliyi Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali ilə görüşmüşdü. Ötən həftəsonu Monakoda isə danışıqlar davam edib. Görüşlərdə FIA-nın prezidenti Məhəmməd Ben Sulayem də iştirak edib. BYD-ni isə şirkətin vitse-prezidenti Stella Li təmsil edib.
Daha sonra Məhəmməd bin Sulayem sosial şəbəkə hesablarında Stella Li ilə çəkilmiş fotosunu paylaşıb. Çin şirkətinin vitse-prezidenti görüşlərin yekunu ilə bağlı belə danışıb: “BYD-nin çox ciddi niyyətləri var. Biz gələcək imkanları, texnologiya məsələlərini araşdırırıq və eyni zamanda hansı resurslara malik olduğumuzu da qiymətləndirməliyik”.
Hələlik danışıqlarla bağlı konkret məlumat verilməsə də, belə yüksək səviyyədə görüşlərin keçirilməsi Formula 1 ilə bağlı müəyyən planların müzakirə olunduğunu göstərir.
Nəzəri baxımdan bir neçə ssenari mümkündür: BYD mövcud komandalardan birini satın ala, öz zavod komandasını qura və ya Formula 1-də fərqli formada iştirak edə bilər.
Lakin Çin mənbələrinin qeyd etdiyi kimi, Formula 1-in gələcək texniki istiqaməti BYD-nin strategiyası ilə tam uyğun gəlmir. Şirkət əsas diqqəti elektromobillərə və hibrid modellərə yönəltsə də, Formula 1-də bir neçə ildən sonra daha güclü V8 benzin mühərriklərinə qayıdış variantı müzakirə olunur və elektrik hissəsinin rolu nisbətən azalacaq.
Bununla belə, ən real görünən variantlardan biri BYD-nin Formula 1 komandalarından hər hansı birinin titul sponsoru və ya strateji tərəfdaşı kimi çempionata daxil olmasıdır. Bu ssenarinin həyata keçirilməsi həm daha asan, həm də daha az riskli hesab olunur.




Şərh əlavə et