Həmin vaxt boliddə transmissiya sıradan çıxmışdısa, bu dəfə problem əyləc sistemində yaranıb. Ən azı Lekler belə hesab edir. Bununla belə, Ferrari-nin əyləc təchizatçısı olan Brembo sürücünün hər hansı araşdırma aparılmadan əvvəl bu barədə ictimaiyyət qarşısında danışmasından narazı qalıb.
Şarlın yarışı 65-ci dövrədə başa çatıb. O, trasın son döngəsində baryerə çırpılıb və hadisəni qəbuledilməz adlandıraraq səbəb barədə bunları deyib: “Dörd təkərdən üçündə əyləclər işləmədi”.
Lekler izah edib ki, problem əsasən arxa əyləclərin, müəyyən qədər isə ön əyləclərin aşağı temperaturu ilə bağlı olub. Onun sözlərinə görə, əyləc pedalına basdıqda bolid gözlənildiyi qədər sürət itirməyib. Ferrari sürücüsü əlavə edib ki, komanda artıq problemin həllini tapıb, lakin bu yeniliyin tətbiqini növbəti mərhələyə – Barselona yarışına qədər təxirə salmağa üstünlük verib.
Maraqlıdır ki, Lyuis Həmilton sözügedən həll variantından artıq üç yarışdır istifadə edir və həmin yarışların hamısında komanda yoldaşını qabaqlayıb.
İtaliya mətbuatının məlumatına görə, yeddiqat dünya çempionunun SF-26 bolidində Leklerin istifadə etdiyi əyləc disklərindən fərqli spesifikasiyalı disklər quraşdırılıb. Ferrari ənənəvi olaraq Brembo əyləc sistemlərindən istifadə etsə də, 44 nömrəli boliddə Carbon Industries istehsalı olan disklər tətbiq edilir. Həmilton Mercedes-də çıxış etdiyi illər ərzində də bu istehsalçının məhsullarından istifadə edib.
Bildirilir ki, bu seçim performansdan daha çox sürücünün hissiyyatı ilə bağlı olub. Həmilton özünü daha rahat hiss etdiyi sistemə üstünlük verib və son nəticələr də onun qərarının doğru olduğunu göstərir.
Məlumatlara əsasən, Ferrari əvvəlcə dəyişiklik etmək istəməyib. Komandanın Brembo ilə uzunmüddətli əməkdaşlığı buna mane olub. Lakin Həmilton israr edib və nəticədə Yaponiya Qran-prisindən etibarən onun bolidində Carbon Industries əyləc disklərindən istifadə olunmağa başlanıb.
Görünür, Lekler Monakoda dediyi aşağıdakı sözlərlə məhz buna işarə edib: “Bu problemin həlli artıq tapılıb və növbəti yarışdan etibarən mənim bolidim də təxminən Lyuisin maşını ilə eyni konfiqurasiyada olacaq. Başqa çətinliklərin yaranmayacağını deyə bilmərəm, amma hazırda mənə sabitlik lazımdır”.
La Gazzetta dello Sport qəzetinin müəllifi hesab edir ki, Monakodakı qəza bir neçə amilin üst-üstə düşməsi nəticəsində baş verib. Ehtimallardan biri enerji bərpası sisteminin spesifik sazlanmasının arxa əyləclərin temperaturuna təsir göstərməsi ilə bağlıdır.
2026-cı il bolidlərində enerji bərpası MGU-K generatoru vasitəsilə həyata keçirilir. Sistem iki rejimdə işləyir: biri sürücü qaz pedalını buraxdıqda, digəri isə əyləc pedalına basdıqda aktivləşir. Bundan əlavə, məhz Monako mərhələsində FIA təhlükəsizlik məqsədilə hibrid sistemlərin elektrik gücünü azaltmışdı.
Nəticədə əyləcləmə zamanı enerji bərpasının səmərəliliyi aşağı düşüb. Bu isə arxa əyləclərin temperatur rejiminə təsir göstərə və onların effektivliyini azalda bilərdi. Monako trasında orta sürətlərin aşağı olması və güclü əyləcləmə nöqtələrinin azlığı da vəziyyəti daha da çətinləşdirən amillərdən biri hesab olunur.
Müəllif vurğulayır ki, bunlar yalnız ehtimallardır və dəqiq nəticə çıxarmaq üçün telemetriya məlumatlarının təhlili vacibdir. Ferrari və Brembo mütəxəssisləri artıq bu istiqamətdə birgə işləyirlər.
Bununla belə, istisna deyil ki, Ferrari mühəndisləri problemin mənbəyini artıq müəyyənləşdiriblər və Leklerin yarışdan sonra verdiyi açıqlamalar da buna işarə edir. Hər halda, Barselonadan etibarən onun bolidində də Həmiltonun SF-26-sında istifadə olunan əyləc konfiqurasiyasının tətbiq ediləcəyi gözlənilir.




Şərh əlavə et