Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Maşın əyləcləmədi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Monako yarışında etdiyi qəzanın səbəbi əyləclər olub. 

Kokpit.az xatırladır ki, monakolu sürücü yarışı üçüncü yerdə aparsa da, bariyerlərə çırpılıb və mübarizəni vaxtından əvvəl dayandırıb.

Şarl Lekler: “Problem əyləclərlə bağlı idi. Düzdür, tras örtüyünün dağılması da yaxşı hal deyil, amma telemetriya məlumatları hər şeyi açıq şəkildə göstərir. Nə qədər detallara girə biləcəyimi bilmirəm, lakin bütün bunlar çox məyusedicidir.

Mən həmişə son dərəcə səmimi olmuşam və nə qədər səhv etsəm də, bəhanə gətirməyi sevmirəm. Buna görə də kameralar qarşısında da həmişə dürüst danışıram. Amma bu dəfə baş verənlərə görə məsuliyyəti öz üzərimə götürmək fikrində deyiləm.

Bolid ümumiyyətlə əyləcləmədi. Mən sadəcə pedala yüngül toxundum və həmin anda əyləc sistemində nəsə baş verdi. Ön əyləclər gözlədiyimdən qat-qat sərt işlədi, arxa əyləclər isə ümumiyyətlə işləmədi. Elə bil ki, onlar ümumiyyətlə yox idi.

Bu problemlərlə mövsümün ikinci yarışından bəri üzləşirəm. Ferrari-nin iki bolidində əyləc sistemləri müəyyən qədər fərqlənir. Bunun mənə ciddi mənfi təsir göstərdiyini düşünmürəm,  lakin burada və Monrealdə, xüsusilə soyuq şəraitdə, əyləclər qeyri-sabit işləyirdi. Biz daim limitdə hücum etdiyimiz üçün təkərlər də çox həssas davranırdı. Nəticədə bütün bunlar əsl kabusa çevrildi.

Hazırda sözlərimi ehtiyatla seçməli oluram, baxmayaraq ki, danışmağa çox şey yoxdur. Öz səhvinə görə axmaq vəziyyətə düşəndə bunu qəbul etmək olar. Amma bu gün təhlükəli vəziyyət yaranmışdı.

Bu problemin həlli artıq tapılıb. Növbəti yarışdan etibarən mənim SF-26 bolidim təxminən Lyuis Həmiltonun bolidi ilə eyni konfiqurasiyada olacaq. Bu dəyişiklik indiyə qədər qarşılaşdığımız problemləri aradan qaldırmalıdır.

Lyuisin istifadə etdiyi konfiqurasiyanın başqa çətinliklər yaradıb-yaratmayacağını bilmirəm. Ancaq hazırda mənim üçün ən vacib məsələ bolidin davranışında sabitlik əldə etməkdir”.

Rauf Hacıyev

Şərh əlavə et