Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Xoş mükafat oldu

Monako Qran Prisində Fernando Alonso Aston Martin komandasına mövsümdə ilk xalını qazandırıb.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Monako yarışını 11-ci yerdə bitirsə də, Serxio Peresin 10 saniyə cəza alması ilə 10-cu yerə yüksəlib və Aston Martin Honda komandasına mövsümdə ilk xalı qazandırıb.

Fernando Alonso yarışdan sonra nəticəni belə dəyərləndirib: “Üçüncü dövrədə pit stop etməklə aqressiv strategiya seçdik. Daha sonra restart zamanı yaranan vəziyyətdən yararlana bildik və nəticədə hər şey yaxşı alındı. Düşünürəm ki, yaxşı yarış keçirdik və mövsümdə ilk xalımız bütün komanda üçün xoş mükafat oldu”.

Komanda yoldaşı Ləns Stroll isə yarışı başa vura bilməyib və bolidin problemlərindən şikayətlənib: “İdarəetmə ilə bağlı problemlər bizi bütün mövsüm boyu müşayiət edir. Bolid sürətlənmə və əyləcləmə zamanı kifayət qədər stabil deyil, davranışı döngədən döngəyə dəyişir. Əksər traslarda təhlükəsizlik zonaları var, amma burada divarlar çox yaxındır və istənilən problem baryerlə toqquşmaya səbəb ola bilər.

Tras limitlərini aşdığıma görə aldığım cəzaların əsas səbəblərindən biri də bu problemlər idi. Yarışdan sonra vəziyyəti daha ətraflı təhlil edəcəyik. Komanda gələn həftə keçiriləcək Barselona mərhələsinə hazırlıq çərçivəsində bolid üzərində işləməyə davam edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et