Xəbəri Kokpitdə Oxuyun!

Alpine komandası apellyasiyaya müraciət edəcək

Alpine komandası Monako Qran Prisində Pyer Qasliyə pit yolunda sürət limitini aşdığına görə verilən iki cəza ilə bağlı FIA-ya rəsmi apellyasiya müraciəti edib.

Qasli yarışı üçüncü yerdə başa vursa da, nəticəsinə əlavə olunan iki beşsaniyəlik cərimə səbəbindən yekun protokolda yeddinci pilləyə geriləyib.

Alpine hesab edir ki, FIA-nın pit yolu sürətini ölçən sensorlarında nasazlıq ola bilər. Belə ki, Qasli, Lyuis Həmilton, Oskar Piastri, Corc Rassell və Franko Kolapintonun hamısında sürət həddinin eyni – cəmi 0,1 km/saat aşılması qeydə alınıb. Bununla belə, Qaslinin ikinci qayda pozuntusunda sensor onun sürəti 0,4 km/saat aşdığını göstərib.

Enstounda yerləşən komandanın yaydığı qısa açıqlamada deyilir: “Bu gün keçirilən Monako Qran Prisinin nəticələrinin açıqlanmasından sonra Alpine komandası pit yolu sürət həddinin aşılmasına görə tətbiq olunan cəzaların yenidən nəzərdən keçirilməsi üçün FIA-ya müraciət etdiyini təsdiqləyir”.

Rauf Hacıyev

Şərh əlavə et