Stüardlar meksikalı sürücünü restart zamanı bolidini start mövqeyində düzgün yerləşdirmədiyinə görə cəzalandırıblar. Araşdırma nəticəsində məlum olub ki, Peresin bolidinin ön sağ təkəri ağ xətlərlə müəyyən edilmiş start yerinin hüdudlarından kənarda qalıb.
Bu qayda pozuntusuna görə Peres standart olaraq 10 saniyəlik cərimə alıb. Nəticədə o, yekun protokolda 15-ci yerə geriləyib, 10-cu pilləyə isə Fernando Alonso yüksəlib. Beləliklə, Aston Martin komandası mövsümdə ilk xalını qazanıb.
Peres start düzülüşünə gedərkən digər bolidləri keçmək üçün pit yolunun çıxışını trasdan ayıran ağ xətti keçdiyinə görə isə mövsümdəki ilk rəsmi xəbərdarlığını alıb.
Ayzek Hacarla bağlı araşdırmada isə stüardlar hər hansı cəza tətbiq etməyiblər. Yarış qırmızı bayraqlarla dayandırıldıqdan sonra Red Bull komandasının mexaniklərinin bolid üzərində icazə verilməyən işlər gördüyü müəyyənləşib. Komanda alışdırma şamlarını və ya alışdırma bobinlərini dəyişdirməyə cəhd etsə də, sonradan bundan imtina edib və bolid pit yolunda daxil olduğu vəziyyətdə saxlanılıb. Buna görə də stüardlar əlavə sanksiyaya ehtiyac olmadığını qərara alıblar.




Şərh əlavə et