Xəbəri Kokpitdə Oxuyun!

Monako F2: Tsolov qazanaraq fərqi minimuma endirib

Formula 2-nin Monako mərhələsinin əsas yarışının qalibi Nikola Tsolov olub. Podiumda ona Aleks Dann və Dino Beqanoviç qoşulublar.

Yarışa poul mövqeyindən Rafael Kamara start verib. Onunla yanaşı ilk cərgədən əsas rəqiblərindən biri olan Nikola Tsolov yarışa başlayıb. Start öncəsi bolqar sürücü çempionatda 36 xalla beşinci yerdə qərarlaşıb və liderlərə yaxınlaşmaq üçün yaxşı imkan əldə edib.

Kamara startı uğurla alaraq liderliyini qoruyub. Tsolov isə üçüncü yerdən başlayan Aleks Dannın hücumlarından müdafiə olunub. Arxada isə Dino Beqanoviç və digər sürücülər mövqelərini qoruyublar. İlk dövrələr insidentsiz keçib.

Təkərlər temperatur qazandıqdan sonra Tsolov liderə yaxınlaşaraq təzyiq göstərməyə başlayıb. Bununla belə, aktiv hücum etmək əvəzinə Kamaranın səhv etməsini gözləyib. Yarışın əsas strateji elementi məcburi pit-stoplar olduğundan sürücülər taktiki mübarizəyə üstünlük veriblər.

11-ci dövrədə Kamara şikanı kəssə də, liderliyini qoruyub saxlayıb. 15-ci dövrəyə çatarkən Kamara və Tsolov üçüncü yerdəki qrupdan təxminən iki saniyə uzaqlaşmağı bacarıblar.

Pit-stoplar mərhələsində ilk vacib addımlardan birini Qabriel Mini atıb. Lakin onun dayanacağı uzun çəkib və italiyalı sürücü çoxlu mövqe itirib. Liderlər isə son ana qədər trasda qalmağa üstünlük veriblər.

33-cü dövrədə Tsolov pit-stopunu edib. Bir dövrə sonra Kamara da boksa daxil olub və uğurlu dayanacaqdan sonra bolqar sürücünün önünə qayıdıb.

Lakin yarışın həlledici anı 35-ci dövrədə yaşanıb. Tsolov liderə çataraq onu təzyiq altında saxlayıb. Kamara birinci döngənin əyləclənməsində səhvə yol verib, ön təkərləri bloklanıb və təhlükəsizlik zonasına çıxaraq mübarizəni dayandırıb. Braziliyalı sürücü radio ilə komandasına soyuq təkərlərin lazımi ilişməni təmin etmədiyini bildirib.

Bu hadisədən sonra Tsolov faktiki olaraq yarışın liderinə çevrilib. Son dövrələrdə pit-stop etməmiş sürücülər ön sıralarda görünsələr də, məcburi dayanacaqlardan sonra real sıralama bərpa olunub.

Nikola Tsolov finiş xəttini Aleks Danndan təxminən 9 saniyə əvvəl keçərək Formula 2 karyerasındakı üçüncü qələbəsini qazanıb. Dino Beqanoviç isə yarışın son hissəsində Kuş Mainini geridə qoyaraq podiumun son pilləsinə yüksəlib.

Monakoda daha əvvəl Formula 3 yarışlarını da qazanan Tsolov, beləliklə knyazlıq trasında növbəti uğurunu əldə edib. Üstəlik, ən sürətli dövrəyə görə əlavə xal da qazanaraq çempionat lideri Qabriel Mini ilə fərqi cəmi bir xala endirib.

Formula 2 mövsümünün növbəti mərhələsi artıq gələn həftəsonu Barselonada keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et