Şənbə günü keçirilən sprint yarışında qələbəni Hiyu Yamakoşi qazanmışdı. Lakin sonradan onun avtomobili texniki reqlamentə uyğun olmadığı üçün diskvalifikasiya edilib və qələbə Jerar Siyə verilib. Sprintdə yaşadığı insidentdən sonra Bred Benavides tibbi səbəblərə görə bazar günü yarışına qatılmayıb.
Yarış günündə Monakoda hava günəşli olub. Start anında havanın temperaturu 20°C, asfaltın temperaturu isə 26°C təşkil edib.
Pouldan start alan Teofil Nael yerindən ideal tərpənə bilməyib və ilk döngəyə qədər olan qısa hissədə Brando Badoer onu geridə qoyaraq liderliyə yüksəlib. Freddi Sleyter, Uqo Uqoçukvu, Ernesto Rivera, Bruno del Pino, Alessandro Custi, Pedro Clero və Jerar Si isə mövqelərini qoruyublar.
İlk dövrə Tuukka Taponen üçün uğursuz alınıb. 18-ci döngədə daxili trayektoriyadan hücum edən Matsey Qladış səbəbindən döngəni dönə bilməyən finlandiyalı sürücü baryerlərə çırpılıb və mübarizəni dayandırıb. Hadisədən sonra trasa təhlükəsizlik avtomobili çıxıb.
27 dövrəlik yarışın beşinci dövrəsində restart verilib. İlk onluqda mövqelər dəyişməyib. Badoer dərhal fərq yarada bilməsə də, Nael bir neçə dövrə ərzində liderə təzyiq göstərib.
Hitech komandasının sürücüsü Uhyon Şin restart zamanı start mövqeyini düzgün tutmadığı üçün 10 saniyəlik Dayan və Get cəzası alıb. Daha sonra cəzasını çəkərkən pit yolunda sürət həddini aşdığı üçün əlavə 5 saniyə cəza ilə üzləşib.
12-ci dövrədə Nael tuneldən sonrakı şikananı kəsib, lakin bunun nəticəsində mövqe qazanmadığı üçün yerini qoruyub.
19-cu dövrədə isə Formula 1-in sabiq pilotu Rubens Barrikellonun oğlu Fernando Barrikello 12-ci döngənin çıxışında baryerlə təmasdan sonra asqısını zədələyərək boksa qayıdıb.
20-ci dövrəyə çatarkən Badoerin üstünlüyü 3,2 saniyəyə yüksəlib. Nael isə Sleyteri 5,7 saniyə qabaqlayıb. İlk üçlük yarışın sonuna qədər bu ardıcıllığı qoruyub.
Beləliklə, ikinci mövsümünü keçirən Brando Badoer Formula 3 karyerasındakı ilk qələbəsini qazanıb. Teofil Nael mövsümdə ilk dəfə podiuma yüksəlib. Freddi Sleyter isə Melburndakı ikinci yerdən sonra ikinci dəfə podium sevinci yaşayıb.
Dördüncü yeri tutan Uqo Uqoçukvu isə çempionatın lideri statusunu qoruyub saxlayıb.
Formula 3 mövsümünün növbəti mərhələsi 12–14 iyun tarixlərində Barselonada keçiriləcək.
| Sıra | Pilot | Komanda | Dövrə |
|---|---|---|---|
| 1 | B.Badoer | Rodin Motorsport | 27 |
| 2 | T.Nael | Campos Racing | 27 |
| 3 | F.Sleyter | Trident | 27 |
| 4 | U.Uqoçukvu | Campos Racing | 27 |
| 5 | E.Rivera | Campos Racing | 27 |
| 6 | B.del Pino | Van Amersfoort Racing | 27 |
| 7 | A.Custi | MP Motorsport | 27 |
| 8 | P.Klero | Rodin Motorsport | 27 |
| 9 | J.Si | DAMS Lucas Oil | 27 |
| 10 | N.Stromsted | Trident | 27 |
| 11 | T.Kato | ART Grand Prix | 27 |
| 12 | L.Şarp | Prema Racing | 27 |
| 13 | H.Yamakoşi | Van Amersfoort Racing | 27 |
| 14 | E.Delinyi | Van Amersfoort Racing | 27 |
| 15 | H.Qarfias | Prema Racing | 27 |
| 16 | E.Devid | AIX Racing | 27 |
| 17 | K.Ho | Rodin Motorsport | 27 |
| 18 | K.Li | ART Grand Prix | 27 |
| 19 | D.Uorton | Prema Racing | 27 |
| 20 | M.Kolnani | MP Motorsport | 27 |
| 21 | F.Maklaflin | Hitech | 27 |
| 22 | N.Bhirombhakdi | DAMS Lucas Oil | 27 |
| 23 | D.Nakamura | Hitech | 27 |
| 24 | M.Qladış | ART Grand Prix | 27 |
| 25 | M.de Palo | Trident | 27 |
| 26 | U.Şin | Hitech | 27 |
| 27 | N.Lakorte | DAMS Lucas Oil | 25 |
| DNF | F.Barrikello | AIX Racing | 17 |
| DNS | T.Taponen | MP Motorsport | 0 |




Şərh əlavə et