Xəbəri Kokpitdə Oxuyun!

Monako F2: Sprinti Leon qazanıb

Monakoda Formula 2-nin sıralanma turunda baş verən qayda pozuntuları cəzasız qalmayıb. Stüardlar Coşua Dürksen, Kuş Maini və Con Bennet barədə qərar qəbul ediblər.

Dürksen rəqibi Kuş Mainiyə mane olduğuna görə həftəsonunun hər iki yarışının startında üç yer itirib. Lakin ART komandasının hindistanlı sürücüsü Maini də cəzadan yayına bilməyib. O, tuneldən sonrakı 10-cu döngədə Lourens van Hupenlə toqquşmaya görə günahkar sayılıb və həm bugünkü, həm də sabahkı yarış üçün üç yer itirmək cəzası alıb.

Con Bennetlə bağlı stüardlar daha yüngül qərar veriblər. Britaniyalı Trident sürücüsünün ən yaxşı dövrə nəticəsi ləğv olunub. Buna səbəb onun səhvinin sıralanma turunun qırmızı bayraqlarla dayandırılmasına gətirib çıxaran yeganə hadisə olmasıdır.

Bu dəyişikliklərdən sonra şənbə sprint yarışına poul mövqeyindən Campos Racing komandasının meksikalı debütantı Noel Leon start verib. DAMS komandasının sürücüsü Roman Bilinski ön sıralarda yer alıb. İkinci cərgədə isə çempionatın lideri Qabriel Mini və Coşua Dürksen qərarlaşıblar.

Üçüncü cərgədə də güclü sürücülər yer alıblar – Ferrari Sürücü Akademiyasının üzvü Dino Beqanoviç və Kanada həftəsonunun əsas yarışının qalibi Martinius Stenshorn. Norveçli Rodin Motorsport sürücüsü Monreal sprintində də podium qazanmışdı və Monakoda uğurunu təkrarlamaq niyyətində idi.

Sürücüləri 30 dövrəlik yarış gözləyirdi. Formula 3-ün səhər sprintində beş sürücünün mübarizəni dayandırması, onlardan dördünün isə startdakı insidentə görə yarışı başa vura bilməməsi nəzərə alınsa, Formula 2 komandalarının pilotlarına texnikanı qorumaq barədə ciddi tapşırıqlar verdiyi hiss olunurdu. Nəticədə yarış demək olar ki, prosessiya şəklində keçib və hadisələrlə zəngin olmayıb.

Noel Leon startı çox yaxşı alaraq liderliyini qoruyub. Qabriel Mini dərhal Bilinskiyə hücum etməyə çalışsa da, polyak sürücü mövqeyini saxlaya bilib. Bununla yanaşı, ilk döngədə əyləcləri bloklayaraq təkərlərini bir qədər zədələyib.

Startdakı sıxlıq yüngül təmaslarla məhdudlaşıb və Formula 3-dən fərqli olaraq ciddi insident yaşanmayıb.

İlk dövrələrdə lider qrup çox sıx hərəkət edib, fərqlər yarım saniyəni keçməyib. Lakin ikinci dövrədə Oliver Göte gözlənilmədən boksa dönüb. Sprint yarışında pit-stop məcburi olmadığından bu qərar diqqət çəkib. Alman sürücü sonuncu yerdə trasa qayıdıb.

Yarışın gedişində ciddi hadisələr baş verməyib. İlk beşlik arasındakı fərqlər sabit qalsa da, altıncı yerdə gedən Martinius Stenshorn nədənsə Dino Beqanoviçdən yeddi saniyədən çox geri qalıb.

Yarışın üçdə biri tamam olanda stüardlar Lourens van Hupenə 10 saniyəlik cərimə veriblər. Niderlandlı sürücü startda ilk şikanı kəsərək üstünlük əldə edib, lakin mövqeyini geri qaytarmayıb. Həmin vaxt o, yalnız 15-ci yerdə gedirdi.

Sprint yarışının ilk yarısı demək olar ki, hadisəsiz keçib. Bu vəziyyət xüsusilə çempionat lideri Qabriel Mini üçün sərfəli olub. O, üçüncü yerdə rahat şəkildə irəliləyərək vacib xalları toplamağa çalışıb. Çünki qarşısındakı rəqiblər ümumi hesabda onun üçün ciddi təhlükə yaratmırdılar. Leon çempionatda ondan 24 xal, Bilinski isə 55 xal geri qalırdı.

17-ci dövrədə Ritomo Miyata daha fəal şəkildə Tasanapol İntrafuvasaqa təzyiq göstərməyə başlayıb. Taylandlı sürücü 11-ci mövqeyini qorusa da, fərq minimuma enmişdi.

22-ci dövrədə Miyata nəhayət 11-ci döngədən çıxışda İntrafuvasaqı keçərək Nikola Solovun arxasınca düşüb. Campos Racing komandası isə öz sürücüsündən tempi artırmağı istəyib və nəticədə ən sürətli dövrə vurulub.

Növbəti dövrədə Mari Boya sancaq döngəsində Lourens van Hupeni geridə qoyub. Oliver Göte isə yenidən boksa qayıdaraq yarışı dayandırıb. Görünür, İntrafuvasaq da texniki problemlə eyni aqibəti yaşayıb.

Finişə yaxın sürücülərin əksəriyyəti mövqelərini yaxşılaşdırmaq ümidini itirmiş kimi görünürdü. Buna baxmayaraq, finişə üç dövrə qalmış Noel Leon artıq Benneti dövrəvi sürücü etməyə yaxınlaşmış və qısa müddət sonra bunu bacarmışdı.

Həmin 28-ci dövrədə Sebastyan Montoya 10-cu döngə öncəsi əylənmə zamanı səhvə yol verib, təkərləri bloklayaraq şikanı kəsib, lakin 13-cü mövqedə yarışa davam edib.

Beləliklə, hadisələrlə zəngin olmayan sprint yarışının qalibi Noel Leon olub. Bu, onun Formula 2-də ikinci qələbəsi olub və meksikalı sürücü Monakodakı uğurunu böyük sevinclə qeyd edib. Bu nəticə sayəsində o, həm də şəxsi hesabda ikinci pilləyə yüksəlib.

İkinci yeri Roman Bilinski tutub. Qabriel Mini isə üçüncü olaraq hesabına daha altı xal yazdırıb.

Miniyə ən yaxın rəqiblərdən Martinius Stenshorn da xal qazanaraq çempionatda üçüncü yerə yüksəlib və Nikola Tsolovu geridə qoyub.  Kamara isə ilk səkkizliyi tamamlayaraq bir xal əldə edib. Nikola Tsolov da xalsız qalmayıb – ən sürətli dövrəyə görə bonus xal qazanıb.

Sıra Pilot Komanda Dövrə
1 N.Leon Campos Racing 30
2 R.Bilinski DAMS Lucas Oil 30
3 G.Mini MP Motorsport 30
4 D.Dürksen Invicta Racing 30
5 D.Beqanoviç DAMS Lucas Oil 30
6 M.Stenshorn Rodin Motorsport 30
7 K.Mayni ART Grand Prix 30
8 R.Kamara Invicta Racing 30
9 A.Dann Rodin Motorsport 30
10 N.Tsolov Campos Racing 30
11 R.Miata Hitech 30
12 N.Varrone Van Amersfoort Racing 30
13 S.Montoya Prema Racing 30
14 M.Boya Prema Racing 30
15 L. van Hoopen Trident 30
16 K.Herta Hitech 30
17 R.Villaqomes Van Amersfoort Racing 29
18 E.Fittipaldi AIX Racing 29
19 K.Şilds AIX Racing 29
20 D.Bennett Trident 29
DNF T. İntrafuvasak ART Grand Prix 26
DNF O. Göte MP Motorsport 20

Rauf Hacıyev

Şərh əlavə et