Şənbə səhəri Formula 3 iştirakçılarını dəyişkən buludlu hava qarşılayıb. Start anında havanın temperaturu +23°C, asfaltın temperaturu isə +30°C olub. Karyerasında ilk dəfə poul mövqeyindən start alan Van Amersfoort Racing komandasının yaponiyalı sürücüsü Hiyu Yamaqoşi ilə ön cərgəni DAMS komandasının pilotu Jerar Si bölüşüb.
Start sakit keçib və liderlər mövqelərini qoruyublar. Lakin ilk dövrədə 6-cı döngənin sancaq hissəsində kütləvi insident yaşanıb. Nəticədə bir neçə bolid zədələnərək yarışı dayandırıb və trasa təhlükəsizlik avtomobili çıxıb.
Yarış Tuukka Taponen, Brando Badoer, Benavides və Ho üçün başa çatıb. Ceyms Uorton və Taito Kato isə zədələnmiş ön qanadlarını dəyişmək üçün boksa üz tutublar.
İkinci dövrədə qırmızı bayraqlar göstərilib. Buna səbəb Taponenin bolidinin tuneldə dayanması və onun sarı bayraq şəraitində təhlükəsiz şəkildə trasdan çıxarılmasının mümkün olmaması olub.
Fasilə yarım saatdan çox davam edib. Yenidən start hərəkətdə verilərkən sürücüləri 23 dövrədən qalan 20 dövrə gözləyirdi. Lakin eyni anda vaxt sayğacı işə düşdüyündən yarış faktiki olaraq 21 dəqiqə və bir dövrədən ibarət olub.
Yamaqoşi və Si ilk iki yerdə qalıblar. Bruno del Pino isə üçüncü döngəyə qalxan hissədə Pedro Clerotu geridə qoyaraq üçüncü yerə yüksəlib.
Altıncı dövrədə 6-cı döngənin sancaq hissəsində daha bir insident baş verib. Freddi Sleyter Ernesto Riveranı fırladıb, arxadan gələn Teofil Nael isə onlara çırpılıb. Təhlükəsizlik avtomobili yenidən trasa çıxıb. Hadisədə iştirak edən bütün sürücülər yarışı davam etdirə bilsələr də, Sleyterə 10 saniyəlik cərimə verilib.
Yarış səkkizinci dövrədə bərpa olunub və ikinci restart zamanı mövqelərdə dəyişiklik baş verməyib. On ikinci dövrədə Sleyterin bolidindən qopan hissələrə görə virtual təhlükəsizlik avtomobili rejimi tətbiq edilib. Marşallar qalıqları qısa müddətdə təmizlədikdən sonra yarış davam edib.
Yamaqoşi inamla liderliyini qoruyub. Arxada isə Bruno del Pino Jerar Siyə təzyiq göstərib və hətta baryerə toxunub, lakin bolid zədələnməyib. Öz növbəsində Pedro Clerot da Del Pinonu sıx təqib etsə də, sürücülərdən heç biri ciddi hücuma keçməyib. İlk dördlük bu ardıcıllıqla finişə çatıb.
Beləliklə, Hiyu Yamaqoşi Formula 3 karyerasında ilk qələbəsini qazanmaqla yanaşı, ilk xallarını da əldə edib. İkinci mövsümünü keçirən Jerar Si karyerasının ilk podiumuna yüksəlib və Formula 3 tarixində podium qazanan ilk çinli sürücü olub. Bruno del Pino isə mövsümün ilk mərhələsi olan Melburndan sonra sprint yarışlarında ikinci dəfə podium sevinci yaşayıb.
| Sıra | Pilot | Komanda | Dövrə |
|---|---|---|---|
| 1 | H.Yamakoşi | Van Amersfoort Racing | 18 |
| 2 | J.Si | DAMS Lucas Oil | 18 |
| 3 | B.del Pino | Van Amersfoort Racing | 18 |
| 4 | P.Klero | Rodin Motorsport | 18 |
| 5 | A.Custi | MP Motorsport | 18 |
| 6 | N.Stromsted | Trident | 18 |
| 7 | U.Uqoçukvu | Campos Racing | 18 |
| 8 | D.Nakamura | Hitech | 18 |
| 9 | M.Qladış | ART Grand Prix | 18 |
| 10 | K.Li | ART Grand Prix | 18 |
| 11 | N.Lakorte | DAMS Lucas Oil | 18 |
| 12 | M.de Palo | Trident | 18 |
| 13 | L.Şarp | Prema Racing | 18 |
| 14 | U.Şin | Hitech | 18 |
| 15 | E.Delinyi | Van Amersfoort Racing | 18 |
| 16 | H.Qarfias | Prema Racing | 18 |
| 17 | M.Kolnani | MP Motorsport | 18 |
| 18 | N.Bhirombhakdi | DAMS Lucas Oil | 18 |
| 19 | F.Barrikello | AIX Racing | 18 |
| 20 | E.Devid | AIX Racing | 18 |
| 21 | F.Maklaflin | Hitech | 18 |
| 22 | D.Uorton | Prema Racing | 18 |
| 23 | T.Kato | ART Grand Prix | 18 |
| 24 | F.Sleyter | Trident | 18 |
| 25 | T.Nael | Campos Racing | 18 |
| DNF | E.Rivyera | Campos Racing | 11 |
| DNS | T.Taponen | MP Motorsport | 0 |
| DNS | B.Badoer | Rodin Motorsport | 0 |
| DNS | K.Ho | Rodin Motorsport | 0 |
| DNS | B.Benavides | AIX Racing | 0 |




Şərh əlavə et