Bredli Kuper və Marqo Robbi Warner Bros.-un böyük maraqla gözlənilən “Ocean’s Eleven” filminin əvvəlki hadisələrindən bəhs edən yeni ekran işi üçün Monakoda çəkilişlərə başlayıb.
Hekayəsinin bir hissəsi 1962-ci il Monako Qran Prisi fonunda cərəyan edən film üçün dünyaca məşhur küçə trası 24-28 avqust tarixlərində 1960-cı illərin atmosferinə uyğunlaşdırılıb. Trasda həmin dövrün ikonik Formula 1 bolidlərinin replikaları da dövrələr vurub.
Hələlik rəsmi adı açıqlanmayan və müvəqqəti olaraq “Sandcastles” işçi adı ilə çəkilən filmin rejissoru və ssenaristi Bredli Kuperdir.
Kuper filmdə baş rolu Marqo Robbi ilə bölüşür. İkili “Ocean’s Eleven” seriyasında Corc Kluni tərəfindən canlandırılan əfsanəvi Denni Oşenin valideynlərini canlandıracaq. Filmin aktyor heyətində həmçinin Vaqner Moura, Monika Barbaro, Coş Qad, Viki Krips, Corc Makkey, Loren Ridloff, Cek Holden və Ömər Si kimi aktyorlar yer alır.
Marqo Robbi CinemaCon tədbirində Warner Bros.-un təqdimatı zamanı film barədə bəzi detalları açıqlamışdı: “Denni Oşen hələ Las-Veqasa ayaq basmamışdan əvvəl ona bildiyi hər şeyi öyrədən iki dahiyanə insan var idi: valideynləri.”
“Onları ən yaxşı dövrlərində, 1962-ci il Monako Qran Prisində möhtəşəm bir soyğun həyata keçirərkən görəcəksiniz.”
Beş gün davam edən intensiv çəkilişlər Monakonun ən məşhur məkanlarından olan Port Erkül, Avenyu Prinsessa Qreys, Kazino meydanı, Portye və Larvotto ərazilərində aparılıb. Çəkiliş heyəti Monakoya gəlməzdən əvvəl Paris və Nis şəhərlərində də səhnələr lentə alıb.
Filmin mərkəzində yer alan real 1962-ci il Monako Qran Prisində qələbəni Kuper komandasının pilotu Bryus MakLaren qazanmışdı. Lotus pilotu Cim Klark poul mövqeyindən start alsa da, 55-ci dövrədə mufta nasazlığı səbəbindən mübarizəni dayandırmışdı. MakLareni podiumda Ferrari pilotları Fil Hill və Lorenso Bandini müşayiət etmişdi.
Kinosevərlərin böyük maraqla gözlədiyi filmin premyerasının 25 iyun 2027-ci ildə keçirilməsi planlaşdırılır.




Şərh əlavə et