Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Heç nəyi dəyişmədik

Monako Qran Prisinin sıralanma turunda üçüncü nəticəni göstərən Lyuis Həmilton bildirib ki, komanda kvalifikasiya öncəsi bolidin sazlamalarına demək olar ki, toxunmayıb, lakin buna baxmayaraq, SF-26-nın davranışı gözlənilmədən dəyişib.

Kokpit.az xatırladır ki, Ferrari komandası sərbəst yürüşlərdə güclü görünsə də, sıralanma turunda gözləntiləri qarşılaya bilməyib.

Lyuis Həmilton: “Kimini təbrik edirəm, əla iş gördü. Bu trasda ilk poul mövqeyini qazanmaq hər zaman xüsusi hissdir.

Məşqlərdə çox güclü görünürdük, buna görə də boliddə demək olar ki, heç nəyi dəyişmədik. Amma sıralanma turunda hansısa səbəbdən onun davranışı fərqli oldu. Bunun niyə baş verdiyini anlamaq üçün hər şeyi diqqətlə təhlil etməliyik.

Mən əlimdən gələni etdim və mümkün qədər baryerlərə yaxın sürdüm. Bilirsiniz, Monakoda yarışmaq böyük imtiyazdır. Formula 1-dəki 22 sürücüdən biriyəm, hələ də burada çıxış edirəm və hər saniyəsindən zövq alıram.

Fərqlər çox kiçik idi. Bir məqamda poulun mənim olacağını düşünürdüm, ancaq sonra Maks çox yaxşı dövrə vurdu, ardınca isə Kimi. Fərqli komandaların bolidlərinin bu qədər yaxın olması həqiqətən gözəldir.

Düşünürəm ki, bu gün nəyisə əldən vermişik və bunun nə olduğunu başa düşməliyik. Amma istənilən halda bazada və trasda çalışan bütün əməkdaşlara böyük təşəkkür edirəm. Bu mərhələyə yeniliklər gətirməmişik, lakin buna baxmayaraq, mübarizənin içindəyik. Gələcək üçün hazırladığımız yenilikləri səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et