19 yaşlı pilot Monakoda növbəti dəfə hamını təəccübləndirib. Mövsümdə dördüncü poulunu qazanan gənc italiyalı bu dəfə buna Monako kimi xüsusi trasda nail olub. Bildiyimiz kimi, burada sıralanma turundakı uğur çox vaxt yarışdakı qələbənin də əsasını qoyur.
Kimi Antonelli: “Bu, bizim «sehrli dövrə» adlandırdığımız dövrələrdən biri idi! Hər şeyi bir araya gətirə bildim, başa düşürsünüz?!! Maks Ferstappenlə mübarizə çox gərgin keçdi və məncə, sıralanmanın final hissəsindəki ilk cəhddə bizi cəmi 0.001 saniyə ayırırdı.
Amma son dövrəmin yaxşı alındığını bilirdim və sadəcə bunun poul üçün kifayət edib-etməyəcəyini gözləyirdim. Nəticələr çox sıxdır və mən həqiqətən çox xoşbəxtəm. Komandaya böyük təşəkkür düşür, çünki dünən müəyyən problemlərimiz var idi, amma bu gün ciddi şəkildə irəliləyə bildik.
Düşünürəm ki, bu, ən gərgin sıralanma sessiyalarından biri, bəlkə də bu mövsümün ən gərgini idi. Belə nəticə əldə etmək üçün böyük zəhmət tələb olunur. Məşqlərdə də daim limitə yaxınlaşmağa çalışırsan. Ən vacibi həmin son iki onluğu tapmaqdır, ancaq bu heç də asan deyil. Divarlar getdikcə yaxınlaşır və lazım olan inamı qazanmaq çox çətindir.
Lakin düzünü desəm, səhərdən əhvalım əla idi və bu gün işi sona çatdıra bildiyimiz üçün çox sevinirəm. Əlbəttə, bu maşını sürməkdən, bu həftəsonundan sadəcə həzz alıram. Keçən illə müqayisədə çox böyük addım atmışıq, başa düşürsünüz? Hər sessiyanın zövq verməsi möhtəşəmdir və indi sabahkı yarışı səbirsizliklə gözləyirəm”.




Şərh əlavə et