FIA-nın ötən il məcburi ikinci pit-stop qaydası ilə intriqanı artırmaq cəhdi gözlənilən effekti verməmişdi. Yenə də poul mövqeyinin sahibi qalib gəlmişdi. Buna görə də komandalar və sürücülər bütün diqqətlərini sıralanma turuna yönəldərək məşqlərdə ciddi hazırlıq görüblər.
Cümə günü ən sürətli nəticəni Lyuis Həmilton göstərmişdi. Şənbə səhəri keçirilən son məşq sessiyasına isə çempionatın lideri Kimi Antonelli başçılıq edib. Nəticələr ötən illə müqayisədə təxminən iki saniyə zəif olsa da, 2026-cı ilin yeni texniki reqlamenti və fərqli bolid xüsusiyyətləri buna təsir göstərib. Bununla belə, Monako yenə də özünəməxsus qalıb. Belə ki, qırmızı bayraqlardan qırmızı bayraqlara keçən gərgin sessiyalar azarkeşlərə tanış mənzərə təqdim edib.
Pirelli ənənəvi olaraq Monakoya ən yumşaq təkər tərkiblərini gətirib: C3 Hard, C4 Medium, C5 isə Soft kimi istifadə olunub. Üçüncü məşqdən etibarən bütün sürücülər yalnız Soft təkərlərlə trasa çıxıblar və sıralanma turunda da bu seçim üstünlük təşkil edib.
Q1
İlk sessiyada bütün sürücülər Soft təkərlərlə çıxış ediblər. Səhər qəza keçirən Oliver Bermanın bolidi bərpa edilib və britaniyalı sürücü sessiyanın əvvəlində trasa çıxıb.
Pyer Qasli və Kimi Antonelli baryerlərə toxunublar. Corc Rassell isə 5-ci döngənin qarşısında əylənmə zamanı bolid üzərində nəzarəti az qala itirəcəkdi.
Sessiyanın 16-cı dəqiqəsində qırmızı bayraqlar göstərilib. Qabriel Bortoleto 10-cu döngədə baryerə çırpılaraq asılqanı sındırıb və bolidin trasdan çıxarılması lazım gəlib.
Sessiyanın bərpasına cəmi iki dəqiqə qaldığından bütün sürücülər sürətli dövrəyə başlamağa imkan tapmayıblar. Liderlər isə ümumiyyətlə boksda qalıblar. Ən yaxşı nəticəni Şarl Lekler göstərib – 1:13.293.
Q1-də mübarizəni Esteban Okon, Serxio Peres, Oliver Berman, Valtteri Bottas, Fernando Alonso və Lans Stroll dayandırıblar.
Q2
İkinci sessiyada da bütün sürücülər Soft təkərlərlə çıxış ediblər. Temp getdikcə yüksəlib və liderlik tez-tez əl dəyişdirib.
İlk cəhdlərdən sonra Kimi Antonelli 1:12.704 nəticə ilə ilk pilləyə yüksəlib.
İkinci cəhdində Maks Ferstappen 1:12.499 nəticə göstərərək liderliyi ələ keçirib.
Q2-də mübarizəni Aleks Elbon, Karlos Sayns, Niko Hülkenberq, Franko Kolapinto, Arvid Lindblad və Qabriel Bortoleto keçə bilməyiblər.
Q3
Final sessiyasında Lyuis Həmilton 1:12.553 nəticə ilə liderliyə yüksəlib. Daha sonra Kimi Antonelli 1:12.375 nəticə göstərərək onu geridə qoyub. Maks Ferstappen isə cəmi mindəbir saniyə fərqlə geri qalıb – 1:12.376.
Oskar Piastri sol arxa təkəri ilə baryerə toxunub. Həmilton isə trasda həddindən artıq yavaş hərəkət etdiyinə görə qara-ağ bayraqla xəbərdarlıq alıb.
İkinci cəhdlərdə Şarl Lekler vaxtını yaxşılaşdıraraq 1:12.351 nəticə göstərib. Lakin daha sonra Həmilton, Ferstappen və Antonelli ondan daha sürətli olublar. Lekler isə 12-ci döngədən çıxışda baryerə çırpılıb.
Beləliklə, Kimi Antonelli Monako Qran-prisinin sıralanma turunun qalibi olub və həm mövsümdə, həm də karyerasında ardıcıl dördüncü poul mövqeyini qazanıb.
Antonelli ilə birlikdə ön cərgədən Maks Ferstappen start alacaq. İkinci cərgədə Lyuis Həmilton və Şarl Lekler, üçüncü cərgədə isə Ayzek Hacar və Corc Rassell yer alacaqlar.




Şərh əlavə et