Fernando Alonso ikinci məşq sessiyasında 20-ci nəticəni göstərib. Sessiyadan sonra Aston Martin pilotu komandanın gözlədiyindən daha çox problemlə üzləşdiyini bildirib.
Onun komanda yoldaşı Ləns Stroll cümə sessiyasının protokolunun sonuncu sırasında yer alıb. Komandanın mətbuat xidməti kanadalı pilotun həftəsonunun ilk günü ilə bağlı fikirlərini yayımlamayıb.
Fernando Alonso: “Çətin gün oldu. Daha yaxşı nəticə gözləyirdik və hər şeyin bir qədər asan olacağını düşünürdük. Hesab edirdik ki, Monakoda adi hallardan daha yaxşı nəticələr uğrunda mübarizə aparmaq şansımız olacaq. Təəssüf ki, maşını idarə etmək çətin oldu, sürət lazım olduğu kimi nə yuxarı, nə də aşağı dəyişirdi. Halbuki Monakoda ötürmələr qutusunun ideal işləməsi vacibdir.
Axşam bizi ciddi iş gözləyir, amma ümid edirəm ki, üçüncü məşq və sıralanma turu öncəsi maşında çox şeyi dəyişə biləcəyik. Gəlin ən yaxşısına ümid edək.
Tamamilə aydındır ki, mühərrikin reaksiyasını və sürət pilləsi dəyişmələri zamanı davranışını dəyişmək lazımdır. Rekuperasiya sistemi çox mürəkkəbdir və sürət dəyişmələrinə təsir göstərir.
Şassi barədə danışsaq, bu gün ön təkərlərin asfaltla ilişməsi çatışmırdı və bunun üzərində işləməliyik. Qarşıda çox iş var, amma əlimizdən gələni etməyə çalışacağıq.
Cümə axşamı kokpitdə oturacağın yerləşməsini 2025-ci ildəki vəziyyətinə qaytardım və mövqe tam eynidir. Bunun sayəsində bu gün kokpitdə yerləşməyim ideal idi. İndi diqqəti sürətə yönəltmək lazımdır”.




Şərh əlavə et